KTMT baş katibi: Qərb beynəlxalq hüquqdan öz maraqları naminə istifadə edir

17 İyun 2026 15:35 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov bildirib ki, kollektiv Qərb öz milli maraqlarını təmin etmək üçün beynəlxalq hüququ manipulyasiya edir və bununla da qlobal strateji sabitliyin əsaslarını zəiflədir.

Masadıkov bu fikirləri Minskdə keçirilən “Milli Təhlükəsizlik. Belarus – 2026” beynəlxalq sərgisinin açılış mərasimində səsləndirib.

Onun sözlərinə görə, müasir dünyada beynəlxalq vəziyyət getdikcə daha mürəkkəb və proqnozlaşdırılması çətin xarakter alır.

“Bu gün beynəlxalq təhlükəsizlik arxitekturasının faktiki olaraq pozulduğunu müşahidə edirik. Görürük ki, kollektiv Qərb öz milli maraqlarını həyata keçirmək naminə beynəlxalq hüquqdan manipulyativ şəkildə istifadə edir və bununla da dünyada strateji sabitliyin əsaslarını sarsıdır”, – deyə KTMT baş katibi vurğulayıb.

Masadıkov qeyd edib ki, təhlükəsizlik sahəsində əsas sazişlərin ləğvi və silahlara nəzarət sisteminin yenidən formalaşdırılması təhlükəsizlik risklərinin və çağırışlarının artmasına səbəb olub.

Onun sözlərinə görə, bu proses KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə də birbaşa təsir göstərir.

Qeyd edək ki, “Milli Təhlükəsizlik. Belarus – 2026” beynəlxalq sərgisi iyunun 17-19-da Belarusun paytaxtı Minskdə keçirilir.

Mövsüm,

AzNews.az