Tramp Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İran razılaşmanın şərtlərinə əməl etməsə, hərbi əməliyyatlar yenidən başlaya bilər.
“Bu, anlaşma memorandumudur. Əgər xoşuma gəlməsə, bombardmanları davam etdirə bilərəm”, – deyə ABŞ lideri bildirib.
Tramp vurğulayıb ki, İranla çox güclü razılaşma əldə olunub və həmin sənədin nəticəsində İranın nüvə silahı əldə etmək ehtimalı demək olar ki, aradan qalxacaq.
“İranın nüvə silahına sahib olma ehtimalı 99,9 faiz istisna edilir”, – deyə o qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, bu razılaşma əldə olunmasaydı, Hörmüz boğazının açılması mümkün olmayacaqdı.
Tramp iqtisadi məsələlərə də toxunaraq bildirib ki, neft qiymətləri böhrandan əvvəlki səviyyələrə yaxınlaşıb və bazarlarda sabitləşmə müşahidə olunur.
Onun sözlərinə görə, bölgədəki vəziyyətin normallaşması nəticəsində enerji qiymətlərinin kəskin bahalaşmasının qarşısı alınıb.
ABŞ lideri həmçinin Vaşinqtonun İrana 350 milyard dollar investisiya yatıracağı barədə yayılan məlumatları təkzib edib.
“Biz heç kimə İrana investisiya qoymamağı demirik. Kim istəyirsə, yatırım edə bilər. Amma ABŞ bu məqsədlə bir sent belə xərcləmir”, – deyə Tramp bildirib.
Bu arada İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi açıqlayıb ki, İran və ABŞ arasında əldə olunmuş memorandumun rəsmi imzalanma mərasimində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ-ın vitse-prezidenti Cey Di Vens iştirak edəcəklər.
Məlumata görə, sənədin imzalanma mərasiminin yaxın günlərdə keçirilməsi planlaşdırılır.
Mövsüm,
AzNews.az