Azərbaycanda kənd təsərrüfatı istehsalında artım - ŞƏRH

18 İyun 2026 11:55 (UTC+04:00)

Bu ilin ilk 5 ayında Azərbaycanda kənd təsərrüfatı istehsalında artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-may aylarında heyvandarlıq məhsullarının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 %, bitkiçilik məhsullarının ümumi dəyəri isə 1,1 % artıb.

Hesabat dövründə tarlalardan 443,6 min ton tərəvəz yığılıb ki, bu da illik müqayisədə 1,5 % çoxdur. Kartof istehsalı 168,9 min ton olmaqla ötən ilin göstəricisini cüzi üstələyib.

Meyvə və giləmeyvə istehsalında isə daha yüksək artım müşahidə olunub. Belə ki, 54 min ton məhsul yığılıb və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55,4 % çoxdur. Yaşıl çay yarpağı istehsalı da 11,5 % artaraq 556 tona çatıb.

Bununla yanaşı, dənli və dənli-paxlalı bitkilərin yığımı azalıb. İyunun 1-nə qədər 30,6 min ton məhsul əldə edilib ki, bu da illik müqayisədə 69,1 % aşağıdır.

Heyvandarlıq sahəsində isə əsas artım ət istehsalında qeydə alınıb. 5 ay ərzində diri çəkidə 244,4 min ton ət istehsal edilib və bu göstərici 4,7 % yüksəlib. Süd istehsalı 915,3 min ton olmaqla demək olar ki, sabit qalıb.

Eyni zamanda yumurta və yun istehsalında azalma müşahidə olunub. Ölkədə 988,7 milyon ədəd yumurta istehsal edilib ki, bu da ötən ilin eyni dövründən 2,2 % azdır. Yun istehsalı isə 10,7 min ton təşkil edib və illik müqayisədə 5,2 % geriləyib.

Ümumilikdə, göstəricilər kənd təsərrüfatında məhsul strukturunun müxtəlif sahələr üzrə fərqli dinamika nümayiş etdirdiyini, xüsusilə heyvandarlıq və meyvəçilik istiqamətlərində artım meyllərinin gücləndiyini göstərir.

Nuray, Aznews.az