ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı özünü "konspirologiya tərəfdarı" adlandırıb.
AzNews.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə o, MS NOW-a açıqlamasında danışıb.
Epşteyn işi üzrə məxfi sənədlərin dərc olunmasını şərh edən Vens bildirib ki, bu məsələ ətrafında yaranan çoxsaylı suallar onun da diqqətini cəlb edir. O, bu mövzu ilə bağlı "The New York Times" qəzetində "konspirologiya tərəfdarı" kimi təqdim olunmasına da münasibət bildirib.
"Bu məsələdə mən bir növ konspirologiya tərəfdarıyam. Bu şəxsin çoxlu sayda zəngin və nüfuzlu insanlarla əlaqədə olması həqiqətən də təəccüblüdür", - deyə vitse-prezident vurğulayıb.
Ceyms Di Vens qeyd edib ki, Epşteyn işi ilə bağlı keçirilən müşavirələrdə şəxsən iştirak edib və materialların mümkün qədər açıq şəkildə ictimaiyyətə təqdim olunmasının tərəfdarı olub.
O, həmçinin ABŞ administrasiyasının iş üzrə bəzi sənədləri qəsdən gizlətməsi ilə bağlı iddiaları rədd edib. Vensin sözlərinə görə, hələ açıqlanmayan sənədlər davam edən məhkəmə proseslərinə aid olduğundan, məhkəmənin icazəsi olmadan onların dərc edilməsi mümkün deyil.
Vitse-prezident əlavə edib ki, Ağ Ev rəhbəri vaxtilə Epşteynlə əlaqələrini kəsib, onu öz klubundan uzaqlaşdırıb və hüquq-mühafizə orqanlarına məlumat verib.