Ştayn israilli nazirlərə qarşı sanksiyaların tətbiq olunub-olunmaması ilə bağlı suala cavabında bunun zəruri olduğunu bildirib.
“Bəli, şübhəsiz. Həmçinin onların rəhbərinin kim olduğunu da unutmamalıyıq”, – deyə o vurğulayıb.
Keçmiş diplomat İordan çayının qərb sahilində yerləşən yəhudi məskənlərində istehsal olunan məhsulların idxalına qadağa qoyulması məsələsinə də müsbət yanaşdığını bildirib. Bununla yanaşı, belə bir addımın tarixi səbəblərə görə həssas mövzu olduğunu qeyd edib.
Ştayn Almaniyanın İsrail siyasətində hələ də tarixi məsuliyyət amilinin təsiri altında qaldığını və bu səbəbdən daha sərt mövqe nümayiş etdirməkdə çətinlik çəkdiyini söyləyib.
ABŞ və İran arasında əldə olunan razılaşmanı şərh edən sabiq səfir İsrailin Baş naziri Binyamin Netanyahu barədə də kəskin fikirlər səsləndirib.
Onun sözlərinə görə, Netanyahu qarşıya qoyduğu müharibə məqsədlərinə nail ola bilməyib.
“Netanyahu müharibə hədəflərində tamamilə uğursuz oldu. O, İsraili ABŞ prezidentinin qərarlarından daha çox asılı vəziyyətə saldı və ölkəni beynəlxalq aləmdə daha da təcrid etdi”, – deyə Ştayn bildirib.
Keçmiş səfir hesab edir ki, İsrail hazırda nəticələri əvvəlcədən proqnozlaşdırılması çətin olan mürəkkəb strateji vəziyyətlə üz-üzədir.
O vurğulayıb ki, hərbi çəkindirmə vacib olsa da, təkcə güc tətbiqi İsrailin problemlərini həll edə bilməz.
“Biz yalnız gücə arxalanaraq hərəkət edə bilmərik. Bununla yanaşı siyasi həll yolları da təqdim edilməlidir. Netanyahu hökumətində isə belə bir yanaşma yoxdur”, – deyə Ştayn qeyd edib.
Sabiq diplomat İsrailin bütün problemlərini yalnız hərbi vasitələrlə həll edə biləcəyinə inanmağın yanlış olduğunu bildirib və ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıq keçirdiyini vurğulayıb.
Mövsüm,
AzNews.az