ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken Prezident Donald Trampı İranla bağladığı sazişə görə tənqid edib.
AzNews.az xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Bu razılaşmanın yeganə “nailiyyət”i müharibədən əvvəl də açıq olan Hörmüz boğazının yenidən açılmasıdır. Görünür, hətta İrana bu boğazı açması üçün pul da ödəyəcəyik”, - keçmiş dövlət katibi bildirib.
Blinken qeyd edib ki, Tehran İran neftinin satışına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və dondurulmuş aktivlərin açılması hesabına milyardlarla dollar gəlir əldə edəcək, ancaq bundan sonra nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə gedəcək:
“İran rejimi toxunulmaz qaldı, onun hərbi qanadı (SEPAH) isə daha çox səlahiyyət əldə etdi. Bu isə iranlıların daha da yoxsullaşdığı və ümidsiz vəziyyətə düşdüyü vaxtda baş verdi. Görünür, İran raket və PUA-ların əhəmiyyətli ehtiyatlarını, eləcə də onların istehsalı üçün müəssisə imkanlarını qoruyub saxlayıb. İran Livan, Yəmən və digər yerlərdəki proksi qüvvələrlə əlaqələrini yenidən bərpa edib. Atəşkəs sazişində bunlarla bağlı heç nə deyilmir.
Trampın özü tərəfindən ötən il tamamilə məhv edildiyi iddia olunan İranın nüvə proqramını yenidən sıradan çıxarmaq cəhdi uğursuz oldu. İran hələ də müharibədən əvvəl istehsal etdiyi yüksək səviyyədə zənginləşdirilmiş urana, eləcə də uranı silah materialına çevirmək üçün lazım olan sentrifuqalara malikdir. Ola bilsin, bu məsələlər bu həftə başlamalı olan danışıqlarda müzakirə ediləcək, amma hansı bədələ? Sanksiyaların ləğvi və aktivlərin açılması hesabına? Ən yaxşı halda, yenidən Prezident Barak Obamanın müharibə olmadan əldə etdiyi və İranın nüvə proqramını nəzarət altına alan keçmiş nüvə sazişinə bənzər sənədə qayıdacağıq”.
ABŞ-nin keçmiş baş diplomatı hesab etmir ki, neftin qiyməti tezliklə müharibədən əvvəlki səviyyəyə qayıdacaq, neft-qaz hasilatının bərpası, infrastrukturun yenidən qurulması vaxt tələb edəcək.
Blinken həmçinin vurğulayıb ki, ABŞ-nin İranla müharibə zamanı istifadə etdiyi raket ehtiyatlarının yenilənməsi də uzun müddət aparacaq və bu, Amerikanın dünyanın digər bölgələrində çəkindirmə potensialına mənfi təsir göstərəcək:
“Yeganə müsbət məqam dünyanın yenidən bərpaolunan enerji mənbələrinə fokuslanması ola bilər. Amma qalib Çin olacaq. Çünki o, külək və günəş enerjisi, elektromobillər və akkumulyator istehsalı sahəsində liderdir. Çin öz təsirini daha da artıracaq, Tramp administrasiyası isə külək elektrik stansiyalarının bağlanması üçün onlara pul ödəyir. Bununla da elektromobil sahəsində rəqabət qabiliyyətimizi artırmaq üçün stimulları azaldır”.
Entoni Blinken əlavə edib ki, Tramp Avropadakı müttəfiqləri ABŞ-dən uzaqlaşdırmaqla ciddi səhvə yol verib:
“İki il ərzində onları tənqid edib, hədələyiblər, müharibə ilə bağlı məsləhətləşmələr aparmayıblar, sonra isə Avropanı ABŞ-yə böhrandan çıxmaqda kömək etmədiyinə görə qınayıblar. Ən əsası isə budur ki, Tramp bu müharibə ilə əsas xarici siyasət sınağından keçə, Amerika xalqının vəziyyətini yaxşılaşdıra bilmədi. Hamımız müharibənin bitməsinə sevinməliyik, ən azı hələlik vəziyyət belədir. Şübhəsiz ki, Tramp bütün uğuru öz adına yazacaq. Bu isə ona bənzəyir ki, yanğını törədən şəxs evin yarısı yandıqdan sonra həmin yanğını söndürməsi ilə lovğalanır”.