"ABŞ və Aİ-nin Ukrayna məsələsində fərqli yanaşmaları getdikcə dərinləşir" — Şəhla Cəlilzadə

18 İyun 2026 18:47 (UTC+04:00)

"Yarandığı 1975-ci ildə 6 üzvdən ibarət olan (Kanada 1976-cı ildə üzv olub), 1997–2014-cü illərdə Rusiyanın da iştirak etdiyi dövrdə 8 üzvü olan, Rusiyanın Krımı işğal etməsindən sonra isə yenidən 7 üzvlə fəaliyyət göstərən dünyanın aparıcı güclərinin platforması G7 çərçivəsində hər il zirvə görüşləri keçirilir. Son 10–15 ildə bu görüşlər əsasən may-iyun aylarına təsadüf edir. Başqa sözlə, bu ilki G7 Zirvə görüşünün ABŞ-İran arasında anlaşma memorandumunun imzalanması gününə təsadüf etməsi tamamilə təsadüfi xarakter daşıyır. Bununla belə, qeyd etmək lazımdır ki, bu görüşlər dünyanın ən mühüm hadisələrinə dair yanaşmaların ortaya qoyulduğu, problemlərin həlli istiqamətində təkliflərin irəli sürüldüyü əsas platformalardan biridir. Təsadüfi deyil ki, ilk zirvəsində 1973-cü il qlobal enerji böhranına çıxış yolları axtaran böyük güclər bu gün də ABŞ-İran müharibəsinin yaratdığı qlobal enerji və nəqliyyat böhranının həlli istiqamətində mühüm nəticələrin əldə olunmasına şahidlik edirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Brüsseldə zirvə görüşü keçirirlər. Görüşdə 27 üzv dövlətin dövlət və hökumət başçıları iştirak edirlər. Zirvə toplantısına Ukrayna Prezidenti Volodimir Zelenskinin də dəvət olunduğu bildirilir. Əsas müzakirə mövzularından biri isə Ukrayna ilə bağlı məsələlərdir.

Siyasi şərhçi qeyd edib ki, bundan əlavə, burada Avropada və ümumilikdə dünyada təhlükəsizlik məsələləri də müzakirə olunur.

"Bu baxımdan Ukraynadakı müharibənin həlli ilə bağlı G7-nin yanaşmaları xüsusi diqqət çəkir. Məsələn, Aİ üçlüyü (E3) – G7-nin üzvləri olan Almaniya, Fransa və Böyük Britaniya – hazırda Ukrayna məsələsində ABŞ-dən fərqli yanaşma nümayiş etdirir. Buna görə də biz bunun G7 çərçivəsində də əksini gördük. Məsələn, Donald Tramp G7 sammiti zamanı Volodimir Zelenski ilə ayrıca görüş keçirmədi. Bununla yanaşı, Ukrayna bu gün Brüsseldə keçirilən Aİ Zirvə görüşündə fəxri iştirakçı qismində təmsil olunur. Başqa sözlə, ABŞ və Aİ-nin bir sıra məsələlər üzrə mövqeləri getdikcə bir-birindən fərqlənir və bu, müxtəlif platformalarda fərqli gündəliklərin formalaşmasına səbəb olur. Təəssüf ki, bu fərqli gündəliklər qlobal miqyasda münaqişələrin həllinə deyil, əksinə, onların davam etməsinə şərait yaradır. Başqa sözlə, əgər Zelenski Tramp və Putinin razılaşdırdığı sülh planını qəbul etsəydi, bu, Ukraynanın milli maraqlarına zidd olsa belə, Avropaya müəyyən mənada sülh gətirə bilərdi. Lakin Aİ-nin aparıcı üçlüyünün mövqeyi Zelenskinin müharibəni davam etdirməsinə və güc nümayiş etdirməsinə stimul verir. Aydındır ki, Aİ-nin sülhlə bağlı gözləntiləri Ukraynanın milli hüquqlarının qorunmasına əsaslanır. Lakin bu yanaşma münaqişənin uzanmasına xidmət edir. Bu mənada dünya, təbii ki, sülh istəyir. Ancaq sülh əksər hallarda qarşılıqlı güzəştlər tələb edir. Hazırkı mərhələdə nə Aİ və Ukraynanın, nə də Rusiyanın mövqeyini güzəştli hesab etmək olar. Tərəflərin yanaşmaları daha çox tükəndirmə müharibəsinin davam etdirilməsi istiqamətindədir".

Rəfiqə Namazəliyeva,

AzNews.az