Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır

19 İyun 2026 14:22 (UTC+04:00)

Deputat Hikmət Babaoğlu magistral yollarda standartlara uyğun olmayan nişanlanma, yol ölçüləri və cərimələrlə bağlı narazılığını ifadə edib.

Aznews.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda beynəlxalq və magistral yolların tikintisi, genişləndirilməsi, eləcə də işğaldan azad olunmuş ərazilərdə yeni yol infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, müasir dövrdə sürət amili mühüm əhəmiyyət kəsb edir və A nöqtəsindən B nöqtəsinə çatma müddətinin qısaldılması vacib məsələlərdən biridir:

“Yol hərəkətində təhlükəsizlik əsas prinsip olsa da, bəzi hallarda sürət məhdudiyyətlərinin süni şəkildə aşağı salınması müəyyən problemlər yaradır. Bəzi magistral yollarda standartlara uyğun olmayan nişanlanma və yol ölçüləri sürücülər üçün çətinliklər yaradır, nəticədə onların cərimələnməsinə səbəb olur”.

Hikmət Babaoğlu xüsusilə yol zolaqlarının ensizliyini, parklanma yerlərinin düzgün nişanlanmamasını və müşahidə kameralarının məcburi manevrləri belə cərimə ilə nəticələndirməsini tənqid edib:

“Bu cür hallar sürücülərdə psixoloji gərginlik yaradır və bəzən təhlükəsizliyi artırmaq məqsədi daşıyan tədbirlər əks nəticə verir. Məsələn, mən artıq avtomobil idarə edərkən ‘Waze’ tətbiqindən istifadə etməyə məcbur oluram. Bir gözüm yolda, bir gözüm cihazda, bir gözüm də həmin proqramda qalır”.

Sonda deputat aidiyyəti qurumların yol infrastrukturu layihələrinin həyata keçirilməsi və standartların tətbiqi zamanı daha diqqətli olmasının vacibliyini vurğulayıb.