Azərbaycan-Gürcüstan ticarətində yeni dinamika - ŞƏRH

19 İyun 2026 14:33 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 570 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə göstərici 9% artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,5% payla qonşu ölkənin ən çox ticarət əməliyyatı apardığı ölkələr arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beçinci yeri tutub.

Gürcüstandan Azərbaycana 269,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 4,6% azdır. Azərbaycan Gürcüstanın ixracında 8,7% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Çindən sonra üçüncü olub.

Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə ötən ilin analoji dövrünə nisbətdə 24,5% artaraq 300,5 milyon ABŞ dolları təşkil edib. Azərbaycan 4,1% payla Gürcüstanın əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı yerdə qərarlaşıb.

İlk beş ayda Gürcüstanın xarici ticarətinin ümumi həcmi 10,44 milyard ABŞ dollarına bərabər olub ki, bunun da 3,11 milyard ABŞ dolları ixracın, 7,33 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Azərbaycan və Gürcüstan arasında 2026-cı ilin ilk beş ayında ticarət dövriyyəsinin 570 milyon ABŞ dollarına çatması iki ölkə arasındakı iqtisadi əlaqələrin sabit şəkildə inkişaf etdiyini göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə 9 %-lik artım xüsusilə regional nəqliyyat, enerji və logistika layihələrinin yaratdığı iqtisadi inteqrasiyanın nəticəsi kimi qiymətləndirilə bilər.

Maraqlı məqam ondan ibarətdir ki, artım əsasən idxal kanalında müşahidə olunur. Gürcüstanın Azərbaycandan idxalının 24,5 % artaraq 300,5 milyon dollara çatması Azərbaycanın qonşu ölkənin bazarında mövqelərinin gücləndiyini göstərir. Bu dinamika Azərbaycanın Gürcüstana enerji resursları, sənaye məhsulları, kimya və digər strateji sahələr üzrə tədarük imkanlarının genişlənməsi ilə bağlı ola bilər.

Eyni zamanda Gürcüstandan Azərbaycana ixracın 4,6 % azalaraq 269,2 milyon dollara düşməsi müəyyən struktur dəyişikliklərindən xəbər verir. Xüsusilə avtomobil idxalında kəskin azalma diqqət çəkir. Gürcüstandan Azərbaycana avtomobil ixracının dəyər ifadəsində 38 %-dən çox azalması regionda avtomobil bazarında tələbin dəyişməsi, logistika xərcləri və idxal siyasətindəki yeni yanaşmalarla əlaqələndirilə bilər.

Bununla belə, iki ölkə arasındakı ticarət əlaqələri yalnız istehlak malları ilə məhdudlaşmır. Azərbaycan və Gürcüstan Cənubi Qafqazın əsas tranzit tərəfdaşlarıdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz layihələri hər iki ölkənin iqtisadi rolunu artırır. Bu infrastruktur həm yük axınlarının artmasına, həm də xarici investorların regiona marağının yüksəlməsinə şərait yaradır.

Azərbaycanın Gürcüstanın ixrac tərəfdaşları arasında üçüncü, idxal tərəfdaşları arasında isə altıncı yerdə olması göstərir ki, münasibətlər artıq klassik qonşuluq ticarətindən daha geniş iqtisadi əməkdaşlıq modelinə keçir.

Ümumilikdə, 570 milyon dollarlıq dövriyyə böyük həcm olmasa da, artımın davamlı xarakter daşıması mühüm siqnaldır. Qarşıdakı mərhələdə əsas potensial sahələr logistika, yaşıl enerji, rəqəmsal xidmətlər, kənd təsərrüfatı və sənaye kooperasiyası ola bilər. Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığı regionda yeni nəqliyyat və enerji xəritəsinin formalaşmasında əsas dayaqlardan biri olaraq qalır.

Nuray, Aznews.az