ABŞ ilə İran arasında İsveçrədə keçirilməsi planlaşdırılan danışıqların təxirə düşməsinin əsas səbəbi iranlı rəsmilərin məhərrəm ayı çərçivəsindəki dini mərasimlərə cəlb olunmasıdır.
AzNews.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar açıqlama verib.
Daha öncə bir sıra media orqanları prosesin ertələnməsinin başqa səbəbləri barədə məlumatlar yayaraq, gecikməni Livanda gərginliyin artması ilə əlaqələndirib. Eyni zamanda, CNN telekanalı diplomatik mənbələrə əsaslanaraq bildirib ki, Tehran Vaşinqtonla dialoqa yenidən başlamaq üçün şərt olaraq Livandakı hərbi əməliyyatların dayandırılmasına dair zəmanət tələb edib.
Qeyd edək ki, məhərrəm islam təqviminin ilk ayıdır və bu müddət ərzində İmam Hüseynin xatirəsini anaraq matəm tuturlar. Həmin dövrdə İran ərazisində kütləvi dini və hüzn tədbirləri təşkil olunur.