Ermənistan müxalifəti parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir

19 İyun 2026 16:36 (UTC+04:00)

Ermənistanda müxalifətdə olan Birlik Qanadları Partiyası parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, təqdim olunan ərizədə seçkilərin nəticələrinin ləğv edilməsi və yenidən səsvermənin keçirilməsi tələb olunur.

Partiya nümayəndəsi Liparit Drmeyan jurnalistlərə açıqlamasında bildirib ki, seçkilərin yekun nəticələrinə çoxsaylı pozuntular və müxalifətə göstərilən təzyiqlər təsir edib.

Onun sözlərinə görə, bu səbəbdən seçki nəticələrinin obyektiv və ədalətli hesab edilməsi mümkün deyil.

Müxalifət nümayəndələri iddia edirlər ki, səsvermə prosesi zamanı qeydə alınan qanun pozuntuları və siyasi təzyiqlər seçkilərin nəticələrinə birbaşa təsir göstərib.

Hazırda Konstitusiya Məhkəməsinin müraciətlə bağlı qərarı gözlənilir. Ermənistanda seçki nəticələri ətrafında siyasi müzakirələr və qarşıdurmalar davam edir.

Mövsüm,

AzNews.az