Netanyahu: Hizbullahın hücumlarına sərt cavab veriləcək

19 İyun 2026 16:39 (UTC+04:00)

İsrailin Baş naziri Binyamin Netanyahu bəyan edib ki, Livanda fəaliyyət göstərən Hizbullah qüvvələri İsrail hərbçilərinə qarşı hücumlar həyata keçirməyə davam edərsə, buna sərt cavab veriləcək.

Netanyahu bildirib ki, o, müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə Livandakı son vəziyyəti müzakirə edib.

Baş nazirin sözlərinə görə, İsrail öz hərbçilərinə və ərazisinə qarşı hücumlara dözməyəcək.

“İsrail əsgərlərinə və ya ölkə ərazisinə qarşı hücumları qəbul etməyəcək. Bu cür hücumlara görə Hizbullah çox ağır bədəl ödəyəcək”, – deyə Netanyahu vurğulayıb.

O əlavə edib ki, İsrail ordusu hərbçilərə və ölkənin təhlükəsizliyinə yönələn bütün təhdidlərin qarşısını almaq üçün lazımi tədbirlər görəcək.

Netanyahu həmçinin İsrail qoşunlarının Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etmək niyyətində olmadığını bildirib.

Onun sözlərinə görə, İsrailin şimal yaşayış məntəqələrinin təhlükəsizliyi təmin olunana qədər hərbi qüvvələr bölgədə qalacaq.

Baş nazir qeyd edib ki, gecə və səhər saatlarında Livan ərazisində həyata keçirilən əməliyyatlar Hizbullahın İsrail tank bölmələrinə hücumuna cavab olub.

Məlumata görə, həmin hücum nəticəsində dörd İsrail hərbçisi, o cümlədən polkovnik rütbəli batalyon komandiri həlak olub.

Netanyahu bildirib ki, bundan sonra onun göstərişi ilə İsrail ordusu Livanda Hizbullaha məxsus 80-dən çox hədəfə, o cümlədən ölkənin şərqindəki Bəkaa vadisində yerləşən komanda məntəqələrinə zərbələr endirib.

İsrail tərəfi bu hücumları atəşkəs rejiminin pozulmasına cavab kimi qiymətləndirir.

Mövsüm,

AzNews.az