İran ABŞ ilə danışıqların bərpası üçün Livanda atəşkəs zəmanəti istəyir

19 İyun 2026 16:46 (UTC+04:00)

İran İsveçrədə ABŞ ilə keçirilməsi planlaşdırılan danışıqların bərpası üçün Livanda hərbi əməliyyatların dayandırılacağına dair zəmanət tələb edib.

Məlumatı adı açıqlanmayan mənbəyə istinadən CNN yayıb.

Diplomatın sözlərinə görə, Tehran imzalanmış razılaşmada nəzərdə tutulduğu kimi Livandakı döyüş əməliyyatlarının dayandırılmasına təminat verilməsini istəyib.

“İran Livanda hərbi əməliyyatların başa çatacağına dair zəmanət tələb edib. Hazırda vasitəçilər bu məsələnin həlli üzərində işləyirlər”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, Livanda İsrailin həyata keçirdiyi son zərbələrdən sonra ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqlar müvəqqəti olaraq təxirə salınıb.

Diplomat danışıqların nə vaxt bərpa olunacağı barədə məlumat verməyib.

Bu həftənin əvvəlində ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılması nəzərdə tutulur.

Bildirilib ki, memoranduma dair danışıqlarda İsrail tərəfi iştirak etməyib.

İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran nümayəndələri arasında iyunun 20-nə planlaşdırılan görüş isə ləğv edilib.

Bu barədə İsveçrə Federal Xarici İşlər Departamenti məlumat yayıb.

Mövsüm,

AzNews.az