Moskva yenidən PUA hücumuna məruz qalıb

19 İyun 2026 17:31 (UTC+04:00)

İyunun 19-da Moskva növbəti dəfə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib ki, şəhərə yaxınlaşan 37 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Onun sözlərinə görə, dron qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmət əməkdaşları fəaliyyət göstərir.

Sobyanin iddia edib ki, bu gün həyata keçirilən hücum zamanı heç bir Ukrayna dronu Moskva şəhərinə çata bilməyib.

Bununla belə, sosial şəbəkələrdə paylaşılan videolarda pilotsuz uçuş aparatlarının birbaşa Moskva üzərində uçduğu görünür.

Yerli Telegram kanallarının məlumatına görə, hücumlar səbəbindən Moskva hava limanlarında təxminən 150 aviareys gecikib.

Məlumata əsasən, Şeremetyevo Hava Limanında 40-a yaxın gələn və 19 gedən reys, Vnukovo Hava Limanında 33 gələn və 28 gedən reys, Domodedovo Hava Limanında isə təxminən 26 gələn reys gecikdirilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında hücumları “Kiyevin hiddətləndirici terror aktları” adlandırıb.

Lavrov bildirib ki, bu hadisələr ABŞ nümayəndələrinin diqqətinə çatdırılmalıdır.

Nazir həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri zamanı Rusiya tərəfinin Ukraynanın hücumları barədə məlumat verəcəyini qeyd edib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Moskva istiqamətindəki zərbələrini şərh edərək Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yüksək effektivlik nümayiş etdirdiyini bildirmişdi.

Mövsüm,

AzNews.az