"Azərbaycanın əsas şərti dəyişməz qalır" — Pərvanə Vəliyeva

19 İyun 2026 18:03 (UTC+04:00)

"Bu görüşlər – istər Dilicanda keçirilən, istərsə də növbəti dəfə Azərbaycanda baş tutacaq görüşlər – etimadın qurulmasına yönəlmiş addımların davamıdır. Vətəndaş cəmiyyəti mübadilələri, iqtisadi əməkdaşlıq və seçkilərdən sonrakı sabitlik kimi konkret təşəbbüslərlə bu görüşlərin əlaqələndirilməsi sülhün həm diplomatik, həm də praktiki müstəvidə addım-addım qurulduğunu nümayiş etdirir. Seçkilərdən sonrakı vəziyyət də müzakirə mövzularından biri ola bilər. Ermənistan Qərbin dəstəyinin yaratdığı eyforiyaya aldanmamalıdır. Yeni Ermənistan düşünməməlidir ki, yalnız Qərbin güclü dəstəyinə arxalanaraq Konstitusiyasında dəyişiklik etmədən Azərbaycanla sülh sazişi imzalaya bilər. Bu, mümkün deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Ermənistanda siyasi proseslər yenidən diqqət mərkəzinə düşüb. Baş nazir Nikol Paşinyanın son bəyanatları həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş rezonans doğurub. O, ölkədə mümkün təxribatlar və sui-qəsd təhlükələri ilə bağlı narahatlıqların mövcud olduğunu vurğulayaraq təhlükəsizlik məsələlərinin aktuallığını önə çəkib. Paşinyan eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında Dilicanda keçirilən görüşün əsas məqsədinin bölgədə müharibə risklərinin azaldılması olduğunu bildirib. Bu açıqlamalar Ermənistan-Azərbaycan münasibətlərinin perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında müzakirələri yenidən intensivləşdirib.

Deputat qeyd edib ki, bunun bariz nümunəsi Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatıdır.

"Həmin dövrdə Ermənistan hakimiyyəti də aldığı güclü dəstəyin təsiri altında hesab edirdi ki, Qərb Azərbaycana təzyiq göstərəcək və Prezident İlham Əliyev güzəştlərə gedəcək. Lakin Prezident təzyiqlərə tab gətirdi və geri addım atmadı. Nəticədə Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu. Ermənistan eyni səhvi təkrarlamamalıdır. Ona göstərilən ciddi dəstək Azərbaycanın öz fundamental şərtindən geri çəkiləcəyi anlamına gəlmir. Prezident İlham Əliyev prinsipial məsələlərdə heç vaxt geri addım atmayıb və milli maraqlarımızı sonadək qətiyyətlə müdafiə edib. Biz sülhü alqışlayırıq, lakin sülh real dəyişikliklər üzərində qurulmalıdır. Buraya ilk növbədə Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi daxildir ki, ərazi iddiaları birdəfəlik gündəmdən çıxarılsın. Eyni zamanda, Zəngəzur beynəlxalq dəhlizinin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu dəhliz yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də Asiya ilə Avropa arasında daha geniş əlaqələndirmə, ticarət və iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır".

Rəfiqə Namazəliyeva,

AzNews.az