DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var

19 İyun 2026 18:07 (UTC+04:00)

Təhlillər göstərir ki, ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var.

Aznews.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Bildirilib ki, V qrupda ərizələrin sayı həddindən artıq yüksək olduğu halda, I, II, III və IV qruplarda qəbul planının nisbi çəkisi daha böyükdür.

Qeyd edilib ki, ümumi qəbul planının V ixtisas qrupu üçün ayrılmış hissəsi ərizələrin müvafiq ixtisas qrupuna düşən hissəsindən kiçik, I və III ixtisas qruplarında, əksinə, böyük, II və IV ixtisas qruplarında isə, demək olar ki, eynidir: “Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq üçün öncə V qrupa ərizə verməli və qabiliyyət imtahanı vermək üçün müvafiq komissiyalar üzrə qeydiyyatdan keçməlidirlər. Bu cür ərizə verən abituriyentlərin sayı çox olsa da, faktiki olaraq, qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçən və imtahanda iştirak edən abituriyentlərin sayı ərizə verənlərdən az olub”.