Ötən il ali təhsil müəssisələrinə qəbul zamanı birinci yerdə ən çox göstərilən dövlət sifarişli ixtisaslar məlum olub.
Aznews.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.
Belə ki birinci ixtisas qrupunda birinci yerə ən çox yazılan dövlət sifarişli ixtisas Bakı Dövlət Universietinin Riyaziyyat müəllimliyi ixtisasıdır. Bu, 333 nəfər tərəfindən ilk sıraya yazılıb.
İkinci ixtisas qrupu üzrə birinci yerə ən çox yazılan dövlət sifarişli ixtisas isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasıdır. Bu ixtisas 522 abituriyent tərəfindən birinci yerdə qeyd edilib.
Üçüncü ixtisas qrupunda isə ilk yerə ən çox yazılan ixtisas Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasıdır ki, 504 nəfər tərəfindən ilk sıraya yazılıb.
Dördüncü ixtisas qrupu üzrə ilk sıraya ən çox yazılan dövlət sifarişli ixtisas Azərbaycan Tibb Universitetinin tibb ixtisasıdır. Bu ixtisas 956 nəfər tərəfindən ilk sırada qeyd edilib.
Beşinci ixtisas qrupunda isə birinci yer üçün ən çox seçilən dövlət sifarişli ixtisas Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn (geyim dizaynı, mühit dizaynı) ixtisasıdır. Bu ixtisas isə 1408 nəfər tərəfindən ilk sıraya yazılıb.