“Çin malları Azərbaycan bazarında mövqeyini gücləndirir” – Akif Nəsirli

19 İyun 2026 21:13 (UTC+04:00)

"Çindən Azərbaycana idxalın sürətlə artması bir neçə amillə bağlıdır. İlk növbədə, Çin dünyanın ən böyük istehsal mərkəzlərindən biridir və burada istehsal olunan malların qiyməti bir çox digər ölkələrlə müqayisədə daha münasibdir. Bu səbəbdən Azərbaycan sahibkarları və şirkətləri daha ucuz məhsullar əldə etmək üçün Çinə üstünlük verirlər. Digər mühüm səbəb elektron ticarətin və onlayn alış-verişin genişlənməsidir. Son illərdə Azərbaycan vətəndaşları Çin mənşəli internet platformalarından daha çox alış-veriş etməyə başlayıblar ki, bu da idxal statistikasında öz əksini tapır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, son illərdə Azərbaycanın Çinlə ticarət əlaqələri nəzərəçarpacaq dərəcədə genişlənib və bu, idxal göstəricilərində də öz əksini tapır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Çindən Azərbaycana idxalın həcmi 1,474 milyard dollar təşkil edib. Bu göstərici Türkiyə və Rusiyadan həyata keçirilən idxalın ümumi həcminə yaxın olmaqla yanaşı, ölkənin ümumi idxalının 27 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, bir neçə il əvvəl Çinin Azərbaycanın ümumi idxalındakı payı 10 faizdən də aşağı idi. Son dövrdə Çin mənşəli məhsulların idxalının sürətlə artması nəticəsində bu ölkənin Azərbaycanın xarici ticarətindəki mövqeyi daha da güclənib.

A. Nəsirli bildirib ki, Azərbaycanla Çin arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı, Orta Dəhliz üzrə yükdaşımalarının artması və ticarət münasibətlərinin genişlənməsi malların ölkəyə daha sürətli və nisbətən aşağı xərclərlə gətirilməsinə şərait yaradır.

"Çindən əsasən elektronika, məişət texnikası, avtomobil ehtiyat hissələri, sənaye avadanlıqları, tikinti materialları, tekstil məhsulları və müxtəlif istehlak malları idxal olunur. Azərbaycanda bu məhsullara tələbatın artması da Çin idxalının yüksəlməsinə təsir göstərib.

Bununla yanaşı, qlobal iqtisadi dəyişikliklər və bəzi ölkələrdən idxalın bahalaşması nəticəsində Azərbaycan şirkətləri alternativ təchizatçı kimi daha çox Çinə yönəlirlər. Nəticədə, son illərdə Çindən idxalın həcmi sürətlə artıb və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib".

Rəfiqə Namazəliyeva,

AzNews.az