“Vaşinqtonun strateji xətti dəyişmir, fərq yalnız taktikalardadır” – Azad Məsiyev

19 İyun 2026 22:17 (UTC+04:00)

"Rusiya-Ukrayna münaqişəsi ABŞ-nin uzunmüddətli geosiyasi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Vaşinqtonda hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, əsas strateji xətt dəyişmir, fərqlər yalnız taktiki yanaşmalarda özünü göstərir. Müharibənin uzanması Avropa ilə Rusiya arasında qarşıdurmanı dərinləşdirir və bu proses Avropa iqtisadiyyatına mənfi təsir göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə yaxınlaşdığı bir vaxtda münaqişənin başa çatması perspektivləri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Döyüşlərin uzanması həm regional, həm də qlobal təhlükəsizlik mühitinə təsir göstərir, eyni zamanda Avropa ölkələrinin siyasi və iqtisadi gündəmində ciddi dəyişikliklər yaradır. Bu fonda bəzi ekspertlər müharibənin geosiyasi məqsədlər çərçivəsində uzunmüddətli xarakter aldığını və tərəflər arasında əsas ziddiyyətlər aradan qaldırılmadan davam edəcəyini düşünürlər.

Siyasi şərhçi qeyd edib ki, münaqişənin uzanması fonunda bir sıra Avropa ölkələrində Rusiya ilə danışıqların bərpasına dair çağırışlar getdikcə güclənir.

"Rusiya isə münaqişənin dayandırılması üçün onun yaranma səbəblərinin nəzərə alınmasını və öz təhlükəsizlik tələblərinin qəbul edilməsini vacib sayır. Tərəflər arasında əsas ziddiyyətlər aradan qaldırılmadığı müddətdə müharibənin yaxın perspektivdə başa çatması çətin görünür".

Rəfiqə Namazəliyeva,

AzNews.az