"Yəni, hər bir cəmiyyət öz mədəniyyəti, dünya görüşü və insanların sosial şəbəkələrdən istifadə səviyyəsinə görə təbii ki, bir-birindən fərqlənir. Çünki hər bir cəmiyyətin strukturunda olan sosial qruplar, fərqlər və sosial institutlar müxtəlif dünya görüşünə, mədəniyyətə və davranış xüsusiyyətlərinə malikdir. Azərbaycan cəmiyyəti geniş mədəniyyətə və zəngin sosial-mədəni göstəricilərə malik bir cəmiyyətdir. Ölkəmiz həm ənənəvi, həm də müasir mədəni dəyərləri ilə seçilir. Lakin məsələ burasındadır ki, bizdə insanlar eyni anda demək olar ki, bütün sosial şəbəkə platformalarından istifadə edir və bu platformalarda aktivlik yüksəkdir. Bu da o deməkdir ki, əhali arasında sosial şəbəkə istifadəçilərinin sayı və qarşılıqlı əlaqəsi çox genişdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşdığı, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etdiyi əsas platformalardan birinə çevrilib. Bununla yanaşı, rəqəmsal mühitdə kütləvi qınaq və linç halları da getdikcə daha çox müşahidə olunur. Hər hansı fikir, paylaşım və ya mövqe qısa müddətdə minlərlə istifadəçinin reaksiyasına səbəb olur, bəzi hallarda isə bu reaksiyalar təhqir, təzyiq və şəxsi hücumlarla müşayiət edilir. Mütəxəssislər hesab edirlər ki, sosial mediada fərqli düşüncələrin aqressiv şəkildə hədəfə alınması insanların öz fikirlərini açıq ifadə etməkdən çəkinməsinə, nəticədə isə ictimai müzakirə mühitinin zəifləməsinə səbəb ola bilər.
Sosioloq qeyd edib ki, Azərbaycan cəmiyyətində kollektiv şüur və kollektiv düşüncə tərzi əsas xarakterik xüsusiyyətlərdən biridir.
"Çünki sosial platformalardan kənara çıxmadan belə, ənənələrimizə baxsaq, məsələn, toy və yas mərasimləri nə qədər insanı bir araya gətirir. Eyni zamanda mühüm tarixi günlər də cəmiyyəti birləşdirən amillərdəndir. Bu baxımdan, cəmiyyəti birləşdirən adət və ənənələrin çoxluğu, sosial şəbəkələrdə geniş istifadə ilə birlikdə, fikirlərin çox qısa zamanda ictimai müzakirəyə çevrilməsinə səbəb olur. Lakin nəzərə almaq lazımdır ki, kütləvi şəkildə ictimai müzakirəyə çıxarılan fikirlər və mesajlar onları paylaşan şəxslərin özünə nəzarətini tələb edir. Ən mühüm nəzarət isə fərdin özünənəzarətidir. Məncə, bu nəzarətin zəif olması insanların düşünmədən və tələsik paylaşım etməsinə gətirib çıxarır. Bu baxımdan, hər bir fikir və ya hadisə sosial şəbəkələrdə paylaşılmadan əvvəl bir neçə dəfə düşünülməlidir. Yəni, bu paylaşımın qanunlara, mədəniyyətə, eləcə də ənənəvi və ictimai normalara nə dərəcədə uyğun olduğu qiymətləndirilməlidir. Daha sonra isə ictimai qınaq məsələsi ortaya çıxır. İctimai qınaq artıq nəticədir. Bu nəticənin səbəbi isə, təbii ki, həmin sosial, hüquqi və mədəni normaların pozulmasıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az