ABŞ vitse-prezidenti 15 cücə SAXLAYIR

20 İyun 2026 11:43 (UTC+04:00)

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtondakı rəsmi iqamətgahının ərazisində toyuq hini tikdirdiyini açıqlayıb.

AzNews.az-ın məlumatına görə, bu barədə Daily Mail qəzeti jurnalist Elli Bet Stakkinin Blaze TV podkastına istinadən məlumat yayıb.

Vens bildirib ki, uzun müddətdir quşçuluqla məşğul olmağı arzulayırdı.

Onun sözlərinə görə, yeni tikilən hin Viktoriya memarlıq üslubunda inşa olunub və iqamətgahın ümumi memarlıq görünüşünə uyğunlaşdırılıb.

Vitse-prezident tikilini zarafatla “toyuq hinləri arasında Tac Mahal” adlandırıb.

Vens qeyd edib ki, hazırda hində 15 cücə saxlanılır.

O, əvvəlcə uşaqlarının bu hobbi ilə maraqlanacağına şübhə etdiyini, lakin sonradan onların toyuqlara böyük maraq göstərdiyini bildirib.

“Məlum oldu ki, onlar toyuqları çox sevirlər. Hətta bir az qəribə dərəcədə. Qorxuram ki, gələcəkdə əsl toyuq həvəskarlarına çevrilsinlər. Daim toyuqlarla vaxt keçirmək və hinə getmək istəyirlər. Halbuki orada qoxu var və hər tərəf peyindir”, – deyə Vens zarafatla bildirib.

ABŞ vitse-prezidenti əlavə edib ki, ailəsi ilə birlikdə bu yeni məşğuliyyətdən zövq alır və layihə gözlədiyindən daha uğurlu alınıb.