Tehranın kapitulyasiyası, İranın yenidən qurulması, Azərbaycanın ideoloji təhlükəsizliyi

20 İyun 2026 19:37 (UTC+04:00)

ABŞ və İran arasındakı müharibə Sülh Sazişinin imzalanması ilə başa çatacaq.

Lap əvvəldən demişdik ki, Birləşmiş Ştatlar onun varlığını ictimai-siyasi meydanlarda təhdid edən, islam inqilabından sonra Vaşinqtonla diplomatik münasibətləri kəsən, öz ərazisində Ağ evə səfirlik və konsulluq açmasına imkan verməyən İranı masaya oturmağa məcbur edəcək.

ABŞ dünyanın istər iqtisadi, istərsə də hərbi baxımdan birinci gücüdür. Onunla rəqabət aparmaq üçün istənilən dövlət çox böyük resurslara malik olmalıdır. Milli valyutasının məzənnəsi bəzən sıfır həddinədək enən İranın Birləşmiş Ştatlarla düşmənçilik etməsinə bir gün son qoyulmalı idi.

İndi o tarixi günləri yaşayırıq.

İran kapitulyasiya memorandumu imzaladı, rəsmən təslim olaraq Sülh Sazişinə də qol çəkəcək. Məğlubiyyətin əsas göstəricilərindən biri odur ki, müharibəyə qədər İran özünü “regionun müstəqil güc mərkəzi” kimi aparırdı. Raket və nüvə proqramını genişləndirir, proksi qüvvələr vasitəsi ilə regional təsir şəbəkəsi qururdu. Savaşdan sonrakı mərhələdə İranın bölgədə yaratdığı bataqlıqlar qurudulacaq, nüvə proqramı sıfırlanacaq, Tehranın silahlanmaq cəhdlərinin önü kəsiləcək. Hətta Sülh Sazişi imzalanmasa belə, İran artıq nə ciddi gücdür, nə də o qədər müstəqil.

Lap əvvəldən dediyimiz kimi, Donald Tramp kəməndi Tehranın boğazına keçirib. Sanksiyaların yumşaldılması, dondurulmuş vəsaitlərin qaytarılması və böyük həcmli “yenidənqurma proqramları” ilə ölkənin bütün sosial-iqtisadi paketini ələ keçirib. İndi hələ savaş emosiyaları tam səngiməyib. Bir qədər sonra neft kontraktları gündəmə gələcək, İranın təbii sərvətlərinin istismarından və satışından ABŞ ciddi mənfəət götürəcək. Tarixi paradoks budur ki, İranda islam inqilabı ölkəni ABŞ-nin nüfuz dairəsindən çıxarmaq üçün gerçəkləşdirilmişdi. Lakin bu gün inqilabla İranda hakimiyyəti ələ keçirmiş teokratik rejim ABŞ-ın çətiri altına girməklə öz varlığını qorumağa çalışır.

Nə demişdik?

Demişdik ki, bu savaş İranın rəsmi ideologiyasını bitirəcək.

Demişdik ki, bu savaş meydan müharibəsi deyil ki, şeypurunun səsi gur çıxan qalib sayılsın.

Demişdik ki, ABŞ başladığı müharibə ilə İranı transformasiyaya vadar edəcək.
İranın ideologiyası kimi bütün daxili və xarici siyasəti iflasa uğrayıb.

İran ilk növədə iqtisadi müstəqlliyini itirib. Uzun illər ərzində guya "müqavimət iqtisadiyyatı" quran mollalar İran cəmiyyətinin gözləntilərini qarşılamağa qabil deyil. Əhali güzəran, rifah, dünyaya inteqrasiya tələb edir. İnsanlar haqq, hüquq, ədalət istəyir. Bu isə teokratik dövlət modelindən dünyəvi dövlət modelinə keçid zərurətidir. Bu keçid isə xalqların öz milli müqəddəratını təyin etmə haqqını boğmaqla baş tuta bilməz. İndiyədək Tehran xarici təhlükə amilini qabartmaqla ölkə daxilindəki problemləri arxa plana keçirməyə çalışırdı. Xarici düşmən obrazı zəiflədikcə cəmiyyətin diqqəti daxili problemlərə yönələcək. Nəticədə milli-etnik problemlər də daha açıq şəkildə müzakirə olunacaq. Bu şəraitdə ölkədə yaşayan müxtəlif xalqların öz hüquqları ilə bağlı tələblər irəli sürməsi qaçılmazdır.

Tehran onilliklər ərzində regionda "müqavimət cəbhəsi" adlandırdığı geosiyasi layihə həyata keçirməyə çalışıb. Bu layihənin əsas məqsədi ABŞ və İsrailə qarşı alternativ güc mərkəzi yaratmaq idi. Müharibədən sonra həmin strategiyanın davam etdirilməsi üçün nə maliyyə, nə siyasi, nə də hərbi imkanlar qalacaq. Beləliklə, İranın xarici siyasətinin əsas sütunlarından biri çökəcək. İranın təhdid gücünün zəiflədilməsi Yaxın Şərqdə yeni geosiyasi reallıq yaradır.

İran artıq ABŞ-nin nüfuz dairəsində olduğundan onun maraqlarına zidd heç bir addım ata bilməz. İsrailin öz təhlükəsizlik priorotetlərini təmin etməsi, Körfəz ölkələrinin İran təhdidinə məruz qalmadan ABŞ ilə işbirliyini dərinləşdirməsi geosiyasi vəziyyəti kökündən dəyişir.

İranın “yenidən qurulması”, əlbəttə, Cənubi Qafqaza da ciddi təsir göstərir.

Əvvəla, İran Ermənistan üçün aktuallığını xeyli dərəcədə itirir. Bir atalar misalında deyildiyi kimi, keçəl dərman bilsə, öz başına yaxar. İndi nə keçəl Ermənistanın İranın başına, nə də keçəl İranın Ermənistanın təpəsinə yaxmağa bir dərmanı var.

İkincisi, Tehranın Ermənistanı himayə etməklə Azərbaycana qarşı təzyiq göstərmək potensialı sarsılıb. İranın “Zəngəzur dəhlizi”nin reallaşmasına qarşı çıxması artıq elə bir ciddi amil səciyyəsi daşımır.

Üçüncüsü, İrandakı ideoloji transformasiya və xarici siyasətdə proksi qüvvələrlə meydan sulamaq tendensiyasının sıradan çıxarılması Azərbaycanın daxili təhlükəsizliyinin güclənməsinə rəvac verəcək.

Zənnimcə, ABŞ-İran savaşı Azərbaycanın ideoloji sistemindəki boşluqları qiymətləndirmək baxımdan da faydalı oldu.

İndi qarşımızda dayanan əsas məsələ həmin problemləri dərhal çözməkdir.

Taleh ŞAHSUVARLI