Amaliya Pənahova aktrisanı işdən çıxartdı

26 Sentyabr 2013 11:13 (UTC+04:00)
Xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının truppa müdiri, əməkdar artist Firəngiz Babayeva tutduğu vəzifədən uzaqlaşdırılıb. Modern.az-ın xəbərinə görə, bu qərarın verilməsinə son günlər Pənahova ilə Babayeva arasında yaranmış gərginliyin səbəb olduğu bildirilir.

Modern.az məsələni dəqiqləşdirmək üçün F.Babayeva ilə əlaqə saxlayıb. Aktrisa faktı təsdiqləyib və sentyabr ayının əvvəlindən truppa müdiri vəzifəsində çalışmadığını deyib:

"Amaliya xanımla hər zaman gözəl münasibətlərimiz olub və indi də var. Qadın qadına bütün sirlərimizi paylaşırıq. Sadəcə truppa müdiri olanda çəkilişləri çatdıra bilmirdim, problem yaranırdı. Bir sözlə inzibati iş yaradıcılığıma mane olurdu. Ona görə də özüm ərizəmi yazıb truppa müdirliyindən çıxmışam. Amma aktrisa kimi bu teatrda fəaliyyətimi davam etdirəcəyəm".

Məsələ ilə bağlı xalq artisti ilə də əlaqə saxlamaq istədik. Ancaq teatrdan bildirdilər ki, A.Pənahova Rusiyada yayımlanan "Yasmin" serialının çəkilişində iştirak etmək üçün dünən Moskvaya yola düşüb.

Qeyd edək ki, teatrdan sözügedən ştat hələ də boşdur.

AzNews.az