ABŞ-İran danışıqları neft bazarına təsir etdi: Qiymətlər ucuzlaşdı

22 İyun 2026 15:21 (UTC+04:00)

ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların ilk mərhələsindən sonra dünya bazarında neftin qiyməti aşağı düşüb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Tehranın neft və neft-kimya məhsullarının ixracı ilə bağlı müəyyən güzəştlər əldə etdiyini açıqlaması bazarlarda optimizmi artırıb.

"SS WealthStreet" tədqiqat şirkətinin təsisçisi Suqandha Saçdeva bildirib ki, qiymətlərin enməsinin əsas səbəbi ABŞ və İran arasında diplomatik irəliləyiş ehtimalının güclənməsidir.

Onun sözlərinə görə, investorlar İrana qarşı tətbiq olunan sanksiyaların gələcəkdə yumşaldıla biləcəyinə ümid edirlər.

Ticarət sessiyası zamanı Brent markalı neftin qiyməti 1,68 dollar azalaraq bir barel üçün 78,89 dollara enib.

WTI markalı neft üzrə fyuçerslərin qiyməti isə bir barel üçün 76 dollar səviyyəsində olub.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, danışıqlar nəticəsində ölkə neft və neft-kimya məhsullarının ixracı üçün istisnalar əldə edib.

Nazirin sözlərinə görə, həmçinin İranın dondurulmuş aktivlərinin bir hissəsinin açılması və iqtisadiyyatın bərpasına yönəlmiş proqramın işə salınması ilə bağlı razılıq əldə olunub.

Mövsüm,

AzNews.az