“Böyük Ermənistan” kimi “Erməni yaylası” (“Armyanskoye naqorye”) anlayışı da uydurmadır - Yaqub Mahmudov yazır

22 İyun 2026 18:27 (UTC+04:00)

Erməni və ermənipərəst tarixçilər özlərinin torpaq iddialarını təkcə uydurma “Velikaya Armeniya” anlayışının kağız üzərində şişirdilmiş əraziləri hesabına “əsaslandırmaqla” kifayətlənmirlər. Tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil etdilər. Üzdəniraq tədqiqatçılar, əsasən də coğrafiyaşünaslar bununla daha geniş ərazilərin, hətta Şərqi Anadoludakı dağların da guya ən qədim zamanlardan ermənilərə məxsus olduğunu beyinlərə yeritməyə başladılar.

Antik müəlliflərin Anadolunun şərqindəki dağlıq əraziyə tətbiq etdiyi bütün ümumiləşdirici coğrafi terminlər XIX əsrədək elmi ədəbiyyatda, o cümlədən Avropa elmi ədəbiyyatında doğru‐düzgün işlənməkdə davam edirdi. Lakin XIX əsrdə vəziyyət dəyişməyə başladı. Məsələn, 1843‐cü ildə baş vermiş zəlzələnin nəticələrinin geoloji tədqiqi ilə əlaqədar Ağrıdağ bölgəsinə səfər edən M.Vaqner “Ermənistanın dağları” (almanca: “Hochland Armenien”) ifadəsini işlədir. K.Ritterin 1874‐cü ildə rus dilinə tərcümə olunmuş əsərində həm “Tavr silsiləsi” (“Tavrskaya tsep”), həm də “Ermənistan yüksəklikləri” (“Vozvışennosti Armenii”) ifadəsi paralel işlənir. H.Linçin 1910‐cu ildə rus dilinə tərcümə olunmuş əsərinin birinci cildində sonralar “Ermənistan” adlandırılan ərazinin landşaftının üç formada verilməsi halı rusdilli ədəbiyyatda tədricən bölgəni erməni etnosunun adına bağlamaq üçün edilən cəhdlərdən xəbər verir. Sonrakı dövrlərin rusdilli elmi ədəbiyyatında “Armyanskoye naqorye” ifadəsi, artıq, “vətəndaşlıq hüququ” qazanır.

XIX əsrdə avropalı geoloqlar və geomorfoloqlar etnik sərhədləri təyin edərkən (hərçənd bu onların səlahiyyətində olmayan iş idi) oronimlərə (dağ adlarına) və digər təbii amillərə əsaslanan yanlış nəzəriyyədən çıxış edirdilər.

Anadolunun şərqindəki yaylanın erməni etnosunun adı ilə adlandırılması bəzən, yanlış olaraq, XIX əsrdə bu yerlərə səyahət edən tədqiqatçıların guya o dövrdə beynəlxalq diplomatiyanın diqqət mərkəzində olan “erməni məsələsinin” təsirindən “yan keçə bilmədikləri ilə” əsaslandırılır. Əslində “erməni məsələsi” nə o zaman, nə də ondan sonra beynəlxalq ictimai fikri narahat edəcək və bölgənin siyasi mənzərəsinə təsir göstərə biləcək bir amil deyildi. Lakin Rusiya imperiyası və digər böyük dövlətlər, sadəcə olaraq, özlərinin xarici siyasətində Osmanlı imperiyasını aradan götürüb onun ərazisini öz aralarında bölüşdürmək və boğazlara yiyələnmək üçün “erməni kartından” istifadə etmək xətti götürmüşdülər. Bu isə, əlbəttə, kağız üzərində “Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni millətçilərinin ürəyindən idi. Göstərilən amil, heç şübhəsiz, erməni və ermənipərəst tarixçilərin, coğrafiyaşünasların, habelə onlarla həmrəy olan Rusiya və Avropa müəlliflərinin “elmi axtarışlarına” müəyyən təsir göstərmişdi. Bu məsələdə Rusiyada və Avropanın bəzi siyasi dairələrində Osmanlı imperiyasına və türklərə qarşı hökm sürən nifrət psixologiyası və ermənilərlə bağlı “Xristian həmrəyliyi” siyasəti də az rol oynamamışdı.

Bəs erməni və ermənipərəst “tədqiqatçıların” XIX əsrdən “Erməni yaylası” adlandırmağa başladığı coğrafi ərazinin əsl adı, daha doğrusu qədim adı və real tarixi necədir?

Haqqında bəhs olunan coğrafi məkan yazılı mənbələrdə ilk dəfə e.ə. XIX yüzillikdə tərtib olunmuş, lakin e.ə. XXIII əsrin sonlarında cərəyan edən hərbi-siyasi hadisələri əks etdirən “Quti əfsanəsi” adlı qədim Babil ədəbi kompozisiyasında qeydə alınıb. Qədim Azərbaycan tayfası Qutilərlə bağlı olduğu güman edilən bu əfsanədə qeyd edilir ki, Naram‐Suenin hakimiyyəti zamanı (e.ə. 2236‐2200) “Gümüş dağlardan” gələn tayfalar Anadolunun şərqindəki yaşayış məskənlərini, Mesopotamiyanın şimalını və Qutium ölkəsini (Urmiya gölündən qərbdə və cənubdakı ərazilər) işğal edərək Akkad dövləti üçün ciddi təhlükə yaratmışlar.

E.ə. XXI əsrə aid ilk mənbələrdə Van gölündən qərbdə yerləşən dağlıq ərazi Tabra (və ya Tibar) adlanırdı. III Salmanasarın (e.ə. 859‐824) və II Sarqonun (e.ə. 722‐705) kitabələrində bu yer Tabal kimi göstərilir və müasir Kappadokiyada lokalizə olunur. Sonralar antik müəlliflər bu coğrafi termini “Tavr” formasında işlətməyə başladılar.

Coğrafi termin kimi Anadolunun şərqindəki dağlıq əraziyə verilən “Tavr” adı sonralar unuduldu və yalnız antik müəlliflərin əsərlərinə müraciət edən səyyahların və tarixçilərin yazılarında xatırlandı. Birinci Dünya müharibəsindən (1914‐1918) sonra bu coğrafi ərazi və hətta onunla həmsərhəd ərazilər öncə rusdilli dövri mətbuatda, tədricən də Qərbi Avropanın elmi ədəbiyyatında “Armyanskoye naqorye” (Armenischen Hochlandes, Armenian upland, Armenien plateau) adı altında ictimai‐siyasi şüura təlqin olunmağa başladı. Bunun arxasında, heç şübhəsiz, Türkiyəyə və bölgənin türk əhalisinə qarşı çar Rusiyası və sovet hərbi‐siyasi dairələrinin gələcəyə hesablanan məkrli siyasi niyyətləri dururdu. “Kapitalist” Türkiyəsinə qarşı ideoloji mübarizədə Anadolunun “ermənilər yaşayan əraziləri” daim sovet rejiminin gündəmində olduğundan “Armyanskoye naqorye” coğrafi anlam daşımaqla bərabər, həm də gələcək hərbi-siyasi planların icrası məqsədi ilə elmi-siyasi dövriyyəyə buraxılmışdı.

Beləliklə, dayanmadan dövriyyəyə buraxılan “Böyük Ermənistan” təbliğatı və “Erməni yaylası” anlayışı və bununla tarixi-coğrafi adların saxtalaşdırılması bir‐birini əvəz edən erməni nəsillərinin yaddaşında bu yerlərin qədim zamanlardan ermənilərin adı ilə bağlı olması, daha doğrusu, “ermənilərə məxsus olması” barədə yanlış təsəvvürlər yaranmasına yol açdı. Beləcə qərbdə Ərzincandan başlayıb şərqdə Ərdəbilə qədər, şimalda tarixi Gürcüstan sərhədlərindən tutmuş cənubda Urmiya gölünün şimalına qədər uzanan və təqribən 400 min kv. km ərazini əhatə edən geniş coğrafi arealı ancaq bir etnosun, özü də nə qədim tarixi, nə də qədim mədəni kökləri ilə bu yerlərə bağlı olmayan gəlmə bir etnosun – ermənilərin adına calamaqla tarixi ədalətsizliyin təməli qoyuldu. Əsrlər boyu bu coğrafiyanın aborigen əhalisi olan, bu bölgədə yaşayan və indi də yaşamaqda davam edən, tarixi‐mənəvi dəyərləri ilə ən qədim zamanlardan bu yerlərlə bilavasitə bağlı olan etnik qurumların və xalqların qondarma “Armyanskoye naqorye” adı altında ümumiləşdirilməsi tarix elmində olduğu kimi, coğrafiyaşünaslıqda da görünməmiş bir saxtakarlıqdır.

Erməni və ermənipərəst saxtakarlar unutmamalıdırlar ki, ermənilərin öz adlarına bağladıqları “kiçik” və “böyük” erməni vilayətlərinin, daha doğrusu, ermənilərə heç bir aidiyyəti olmayan tarixi “Armina”nın ərazisini cənubundan şimalınadək başdan‐başa keçən Ksenofont özünün “Anabasis” əsərində bu dağlıq ölkəni bir dəfə də olsun “Erməni yaylası” (“Armyanskoye naqorye”) adlandırmır. Başqa ilk mənbələrdə, o cümlədən Roma‐yunan mənbələrində də “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışına təsadüf olunmur.

Qeyd etmək lazımdır ki, müasir Türkiyənin elmi dairələrində, düzgün olaraq, uydurma “Erməni yaylası” (“Armyanskoye naqorye”) söz birləşməsinə və onun Avropa dillərindəki tərcümələrinə deyil, bölgənin tarixi adlarından biri olan “Anadolu” (yunanca Ανατολιέ – “Şərq”) termininin işlədilməsinə üstünlük verirlər.

Yaqub Mahmudov,
AMEA-nın həqiqi üzvü