“Milli rəqslərimizi yaşatmaq üçün gənclərə sevgini aşılamalıyıq” – Rəhim Babayev

22 İyun 2026 21:19 (UTC+04:00)

Azərbaycan milli rəqs sənətinin inkişafı və təbliği istiqamətində fəaliyyət göstərən Azad Rəqs Ansamblının bədii rəhbəri, rəqqas və xoreoqraf Rəhim Babayev sənət yolu, milli rəqslərin bugünkü vəziyyəti, gənclərin bu sahəyə marağı və gələcək hədəfləri barədə AzNews.az-a müsahibə verib.

-İlk olaraq özünüzü oxucularımıza təqdim etməyinizi istərdik. Rəqs sənətinə gəliş yolunuz necə başlayıb və bu günə qədər keçdiyiniz yaradıcılıq yolu barədə ətraflı danışardınız?

-Mən, Babayev Rəhim Azadoğlu, Bakı şəhərinin Suraxanı rayonu Əmircan qəsəbəsində anadan olmuşam. Rəqs sənətinə olan marağım çox erkən yaşlardan başlayıb. 1998-ci ildə, 6 yaşım olarkən Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının Azərbaycan Milli Rəqsləri şöbəsinə qəbul olunmuşam. Həmin il həm də məktəb həyatına başlamışam. Beləliklə, təhsil və incəsənət yolu mənim üçün eyni vaxtda başlayıb. Rəqs təhsilimi 2007-ci ilə qədər davam etdirmiş, həmin il mədəniyyət mərkəzini bitirərək diplom almışam. Daha sonra Bakı Mədəni-Maarif Texnikumunun (indiki Bakı Humanitar Kolleci) Dram aktyorluğu fakültəsində təhsil almış, Xalq artisti Yaşar Nurinin tələbəsi olmuşam. Sonrakı illərdə Ukraynada ali təhsil almış, daha sonra isə Bakı Xoreoqrafiya Akademiyasında təhsilimi davam etdirərək 2025-ci ildə məzun olmuşam. Peşəkar fəaliyyətimə 2008-ci ildə Rəşid Behbudov adına “Cəngi” Rəqs Ansamblında başlamışam. Burada fəaliyyət göstərdikdən sonra 2009-cu ildə öz təşəbbüsümlə Azad Rəqs Ansamblını yaratmışam. Ansambl yarandığı gündən etibarən Bakının müxtəlif qəsəbələrində fəaliyyət göstərib və yüzlərlə gəncin rəqs sənətinə cəlb olunmasına töhfə verib. Bu günə qədər müxtəlif mədəniyyət evlərində və mədəniyyət saraylarında çalışmış, rəqs müəllimi və kollektiv rəhbəri kimi fəaliyyət göstərmişəm. Hazırda da bu sahədə fəaliyyətimi davam etdirir, əldə etdiyim bilik və təcrübələri yeni nəslə ötürməyə çalışıram.

-Uzun illərdir milli və dünya xalqları rəqsləri ilə məşğulsunuz. Bu sahədə fəaliyyət göstərmək sizə hansı təcrübələri qazandırıb və sizi bir rəqqas kimi necə formalaşdırıb

-Uzun illərdir ki, həm Azərbaycan milli rəqsləri, həm də dünyanın müxtəlif xalqlarının rəqsləri ilə məşğul oluram. Bu illər ərzində özbək, hind, şərq, Qafqaz, gürcü, yəhudi, rus, ispan və digər xalqların milli rəqslərini öyrənmiş, onların tədrisi ilə məşğul olmuşam. Bu fəaliyyət mənə yalnız rəqs texnikasını deyil, eyni zamanda müxtəlif xalqların mədəniyyətini, adət-ənənələrini, dünyagörüşünü və həyat tərzini daha yaxından tanımaq imkanı verib. Hər bir xalqın rəqsi onun tarixini, xarakterini və milli kimliyini əks etdirir. Buna görə də rəqsi öyrənmək, əslində həmin xalqın mədəniyyətini öyrənmək deməkdir. Müxtəlif ölkələrdə keçirilən təlimlərdə və ustad dərslərində iştirak etməyim, həmçinin özümün də ustad dərsləri keçməyim peşəkar inkişafımda mühüm rol oynayıb. Bu təcrübələr mənə fərqli rəqs məktəblərini müqayisə etmək, yeni yanaşmalar öyrənmək və öz yaradıcılıq baxışımı formalaşdırmaq imkanı yaradıb. Düşünürəm ki, rəqs sənəti insanları bir-birinə yaxınlaşdıran, xalqlar arasında dostluq və mədəni əlaqələr yaradan ən təsirli vasitələrdən biridir. Bu sənət məni həm peşəkar, həm də şəxsiyyət olaraq formalaşdırıb, insanlarla ünsiyyət qurmağı, müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmağı və daim öyrənməyə açıq olmağı öyrədib.

-Azərbaycanda kişi rəqqas olmaq nə dərəcədə çətindir? Sizcə, bu peşənin görünməyən tərəfləri və tamaşaçının bilmədiyi hansı çətinliklər var?

-Azərbaycanda kişi rəqqas olmaq kifayət qədər məsuliyyətli və zəhmət tələb edən bir peşədir. Tarixə nəzər salsaq, görərik ki, əvvəlki dövrlərdə rəqqasların sayı indiki qədər çox deyildi. Bu gün isə rəqs məktəblərinin, ansamblların və mədəniyyət mərkəzlərinin sayı artıb, rəqabət daha da güclənib. Buna görə də müasir dövrdə tanınmaq, fərqlənmək və öz yerini tutmaq əvvəlki illərlə müqayisədə daha çətindir. Tamaşaçının görmədiyi tərəflər isə çoxdur. Səhnədə bir neçə dəqiqəlik çıxışın arxasında illərlə davam edən məşqlər, fiziki yorğunluq, intizam, səbir və böyük zəhmət dayanır. Rəqqas daim öz üzərində işləməli, formasını qorumalı və sənətini inkişaf etdirməlidir. Xüsusilə kişi rəqqaslar üçün bu sahədə özünü təsdiqləmək, tanıtmaq və peşəkar mövqe qazanmaq daha çox əmək tələb edir. Mən də uzun illər ərzində bu çətinliklərdən keçmişəm. Əldə etdiyim uğurların, qazandığım tanınmanın və hörmətin arxasında uzun illərin zəhməti dayanır. Hesab edirəm ki, bu sənətdə uğurun əsas sirri səbir, peşəkarlıq və sənətə olan sevgidir.

-Rəqs təkcə hərəkət deyil, həm də duyğuların və mədəniyyətin ifadəsidir. Səhnəyə çıxarkən tamaşaçıya hansı mesajı və ya hissləri ötürməyə çalışırsınız?

-Mənim üçün rəqs sadəcə hərəkətlər toplusu deyil, insanların duyğularına toxunan və onlara müsbət enerji ötürən bir sənətdir. Səhnəyə çıxarkən hər zaman çalışıram ki, tamaşaçılar qarşısına yüksək əhval-ruhiyyə və pozitiv enerji ilə çıxım. İstəyirəm ki, mənim ifama baxan insanların üzündə təbəssüm yaransın, onlar gündəlik həyatın yorğunluğunu və qayğılarını bir anlıq da olsa unuda bilsinlər. İnsanlar konsertlərə və mədəni tədbirlərə yalnız tamaşa etmək üçün deyil, həm də mənəvi rahatlıq tapmaq, xoş emosiyalar yaşamaq üçün gəlirlər. Buna görə də mən hər çıxışımda tamaşaçıya sevinc, nikbinlik və həyat eşqi ötürməyə çalışıram. Eyni zamanda, Azərbaycan milli rəqslərinin gözəlliyini, zənginliyini və milli-mədəni dəyərlərimizi tamaşaçıya təqdim etmək mənim üçün çox vacibdir. İstəyirəm ki, xüsusilə gənc nəsil milli rəqslərimizi sevsin, onlara maraq göstərsin və bu sənətin yaşadılmasına töhfə versin. Çünki milli rəqslərimiz xalqımızın tarixini, mədəniyyətini və milli kimliyini özündə əks etdirən dəyərli irsdir. Mənim əsas məqsədim bu irsi qorumaq, yaşatmaq və gələcək nəsillərə sevdirərək ötürməkdir.

-Gənclərin milli rəqslərə marağını necə qiymətləndirirsiniz? Sosial şəbəkələrin və müasir tendensiyaların bu sahəyə təsiri barədə fikirləriniz nələrdir?

-Düşünürəm ki, hazırda Azərbaycan gənclərinin milli rəqslərə marağını şərti olaraq 50/50 nisbətində qiymətləndirmək olar. Çünki müasir dövrdə yaşayırıq və qloballaşmanın təsiri ilə gənclərin maraq dairəsi də dəyişib. Bir tərəfdən milli rəqslərimizi sevən, onları öyrənən və yaşatmağa çalışan gənclərimiz var, digər tərəfdən isə daha çox müasir rəqs növlərinə üstünlük verən bir kütlə formalaşıb. Müstəqilliyin ilk illərində milli rəqslərə maraq daha yüksək idi. Bu gün isə gənclər müxtəlif xarici mədəniyyətlərin təsiri altında olduqları üçün seçim imkanları daha genişdir. Buna baxmayaraq, milli rəqslərimizi sevən və onları gələcək nəsillərə ötürmək istəyən gənclərimizin olması sevindirici haldır. Mən də müəllim kimi fəaliyyətimdə çalışıram ki, tələbələrimə Azərbaycan milli rəqslərini sevdirim və bu sənətə maraq oyadım. Əsas məqsədim odur ki, bizdən sonrakı nəsillər də milli rəqslərimizi yaşatsın, inkişaf etdirsin və bu irsi qoruyub saxlasın. Azərbaycan milli rəqsləri xalqımızın tarixinin, mədəniyyətinin və milli kimliyinin ayrılmaz hissəsidir. Sosial şəbəkələrin təsiri ilə son illərdə müxtəlif rəqs tendensiyaları meydana çıxıb. Təbii ki, onların da öz auditoriyası və izləyiciləri var. Mən insanların müxtəlif rəqs üslublarını öyrənməsinin əleyhinə deyiləm. Əksinə, hesab edirəm ki, müxtəlif rəqs növləri haqqında məlumatlı olmaq və onları tanımaq faydalıdır. Lakin hər bir sənətin öz çərçivəsi, estetikası və peşəkarlıq meyarları var. Mənim fikrimcə, rəqs tədrisi peşəkar yanaşma ilə həyata keçirilməlidir. Xoreoqrafiya təhsili almayan və ya kifayət qədər peşəkar hazırlığı olmayan şəxslərin bu sahədə müəllim kimi fəaliyyət göstərməsi bəzən milli rəqs sənətinin keyfiyyətinə mənfi təsir göstərə bilir. Bu isə həm milli rəqslərimizin düzgün təqdimatına, həm də gələcək nəsillərin formalaşmasına təsir edir. Azərbaycan rəqs sənətinin inkişafında böyük xidmətləri olan sənətkarlarımız var. Bu gün də milli rəqslərimizi ölkə daxilində və beynəlxalq arenada layiqincə təbliğ edən tanınmış xoreoqraflar və rəqqaslar fəaliyyət göstərirlər. Hesab edirəm ki, onların yaratdığı sənət ənənələrinin qorunması və davam etdirilməsi çox vacibdir. Eyni zamanda, valideynlərin də bu məsələdə məsuliyyəti böyükdür. Övladını hər hansı rəqs məktəbinə və ya müəllimə etibar etməzdən əvvəl onun peşəkarlığını, təhsilini, fəaliyyətini və tədris metodlarını araşdırmaq lazımdır. Çünki uşaqların estetik zövqünün, mədəni dünyagörüşünün və sənətə münasibətinin formalaşmasında müəllimin rolu çox böyükdür. Hesab edirəm ki, rəqs dərslərində ilk növbədə Azərbaycan milli rəqsləri və dünya xalqlarının milli rəqsləri öyrədilməlidir. Bununla yanaşı, gündəlik həyatda və məclislərdə davranış mədəniyyətinin bir hissəsi kimi müxtəlif rəqs elementləri də izah oluna bilər. Lakin bütün hallarda əsas prinsip milli-mənəvi dəyərlərə, estetik normalara və peşəkar sənət meyarlarına hörmət etməkdən ibarət olmalıdır.

-Rəhbərlik etdiyiniz rəqs kollektivində və tədris fəaliyyətinizdə tələbələrə ilk növbədə hansı prinsipləri aşılamağa çalışırsınız? Yaxşı rəqqası fərqləndirən əsas keyfiyyətlər hansılardır?

-Rəhbərlik etdiyim Azad Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən Azad Rəqs Ansamblının əsas məqsədi Azərbaycan milli rəqslərini uşaqlara və gənclərə sevdirmək, onları milli-mədəni dəyərlərimizə bağlı ruhda yetişdirməkdir. Fəaliyyətimiz boyunca çalışmışıq ki, həm rəqslərimizin quruluşu, həm səhnə mədəniyyətimiz, həm də milli geyimlərimizlə seçilək və tamaşaçıların rəğbətini qazanaq. Bu illər ərzində Azərbaycanı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə layiqincə təmsil etmişik. Türkiyə, Fransa, Gürcüstan, Ukrayna, müxtəlif ərəb ölkələri və digər beynəlxalq festivallarda iştirak edərək Azərbaycan milli rəqslərini təbliğ etmiş, mədəniyyətimizi xarici auditoriyalara təqdim etmişik. Həmçinin İtaliya tərəfindən Azərbaycanda təşkil olunan beynəlxalq festival və müsabiqələrdə də uğurla çıxış etmişik. Bu ilin dekabr ayında Azad Rəqs Ansamblının fəaliyyətə başlamasının 18 ili tamam olur. Bu müddət ilk baxışdan qısa görünsə də, arxasında böyük zəhmət, əziyyət və fədakarlıq dayanır. Keçdiyimiz yol kifayət qədər məsuliyyətli və keşməkeşli olub, lakin əldə etdiyimiz nəticələr bütün zəhmətimizin bəhrəsidir. Fəaliyyətimiz dövründə dəfələrlə Respublika və Bakı çempionu olmuş, müxtəlif festival və müsabiqələrdə qalibiyyətlər qazanmışıq. Həm ölkə daxilində, həm də beynəlxalq arenada keçirilən layihələrdə uğurla iştirak etmiş, Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində mühüm işlər görmüşük. Eyni zamanda, əməkdar artistlər və xalq artistləri ilə eyni səhnəni bölüşmək imkanı əldə etmişik ki, bu da bizim üçün böyük qürur mənbəyidir. Pedaqoji fəaliyyətim dövründə 40-dan çox tələbəm Bakı Xoreoqrafiya Akademiyasına qəbul olub. Tələbələrimdən ikisi magistratura pilləsində təhsil alır, bir neçəsi isə peşəkar rəqs kollektivlərində fəaliyyət göstərir. Onların arasında Dövlət Rəqs Ansamblında və Dövlət Sərhəd Xidmətinin ansamblında çalışan məzunlarımız da var. Hazırda mən özüm də Dövlət Sərhəd Xidmətində xidmət edirəm və paralel olaraq rəqs sənətinin inkişafı, milli rəqslərimizin təbliği və gənc nəslin yetişdirilməsi istiqamətində fəaliyyətimi davam etdirirəm.

-Bu günə qədər qazandığınız uğurlar arasında sizin üçün ən yaddaqalan hadisə hansıdır? Eyni zamanda gələcəkdə həyata keçirmək istədiyiniz layihələr və hədəflər barədə nə deyə bilərsiniz?

-Bu günə qədər qazandığım uğurlar arasında mənim üçün ən yaddaqalan hadisələrdən biri 17 yaşımda baş verib. Həmin vaxt təsadüfən jurnalist Ruslan Həsənovla tanış oldum. Qısa bir söhbətdən sonra yollarımız ayrılsa da, bir müddət sonra onun tövsiyəsi ilə Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq festival və mədəniyyət günlərində Azərbaycanı təmsil etmək imkanı qazandım. Bu səfər mənim üçün çox əlamətdar oldu. Gənc yaşda ölkəmi beynəlxalq arenada təmsil etmək, Azərbaycan milli rəqslərini xarici auditoriyaya təqdim etmək və uğurla geri dönmək həm böyük məsuliyyət, həm də qürur hissi idi. Bu hadisə mənim həyatımda ən yaddaqalan xatirələrdən biri olaraq qalır. Eyni zamanda həmin tanışlıq illərdir davam edən səmimi dostluğun da əsasını qoydu. Gələcək planlarıma gəldikdə isə, əsas məqsədim Azad Rəqs Ansamblının fəaliyyətini daha da genişləndirmək, Azərbaycan milli rəqslərinin təbliğini gücləndirmək və daha çox gənci bu sənətə cəlb etməkdir. İstəyirəm ki, milli rəqslərimiz yalnız ölkəmizdə deyil, beynəlxalq səviyyədə də daha geniş tanıdılsın və sevilərək yaşadılsın. Bununla yanaşı, gələcəkdə yeni layihələr həyata keçirməyi, beynəlxalq festivallarda daha fəal iştirak etməyi, istedadlı gənclərin yetişdirilməsinə dəstək verməyi və Azərbaycan rəqs sənətinin inkişafına öz töhfəmi verməyi qarşıma əsas hədəf kimi qoymuşam. Mənim üçün ən böyük uğur isə bizdən sonrakı nəslin milli rəqslərimizi sevərək yaşatması və bu sənəti gələcəyə daşıması olacaq.

Rəfiqə Namazəliyeva,

AzNews.az