“Paşinyanın Qərblə yaxınlaşması Rusiya və İranı narahat edir” – Azad Məsiyev

22 İyun 2026 21:43 (UTC+04:00)

"Zəngəzur dəhlizi ilə bağlı iki əsas sənəd mövcuddur. Bunlardan birincisi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdır. Həmin sənədə əsasən, dəhlizdə təhlükəsizliyə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsi nəzərdə tutulurdu. Rusiya rəsmilərinin son açıqlamalarında da vurğulanır ki, 10 noyabr bəyanatı hələ də qüvvədədir. Bu isə Moskvanın Zəngəzur dəhlizi ilə bağlı strateji maraqlarının davam etdiyini göstərir. Ermənistanın Baş naziri Nikol Paşinyanın apardığı siyasət nəticəsində 10 noyabr bəyanatı ikinci plana keçirilib və dəhliz üzərində nəzarətin ABŞ-a verilməsi istiqamətində addımlar atılır. Bu isə həm Rusiyanın, həm də İranın strateji maraqlarına ziddir. Çünki ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda, xüsusilə Ermənistanda mövqelərini gücləndirməsi İranın maraqları ilə uzlaşmır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, İran Ermənistana diplomatik kanallar vasitəsilə ABŞ administrasiyasının təşəbbüsü kimi təqdim olunan və İran sərhədinə yaxın ərazilərdən keçməsi nəzərdə tutulan TRIPP (“Tramp marşrutu”) layihəsinə münasibətdə ehtiyatlı mövqe sərgiləməyi tövsiyə edib. Məlumatlara əsasən, Tehran layihənin regional təhlükəsizlik və geosiyasi balans baxımından yarada biləcəyi təsirlərlə bağlı əlavə izahatlar almağa çalışır. Bu səbəbdən İran tərəfi bütün məqamlar dəqiqləşdirilmədən təşəbbüsə dəstək verməyə tələsmir. Rəsmi Tehran bildirib ki, ölkənin təhlükəsizlik maraqları tam şəkildə nəzərə alınmadan və təmin edilmədən layihənin reallaşdırılmasına razılıq verilməyəcək. Bununla yanaşı, İrəvana tövsiyə olunub ki, İran və ABŞ arasında davam etməsi gözlənilən 60 günlük dialoq müddətində TRIPP layihəsi ilə bağlı sonradan dəyişdirilməsi mümkün olmayan qərarlar qəbul etməsin.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan istənilən dövlətlə əməkdaşlıq etmək hüququna malikdir. Lakin bu əməkdaşlıq digər dövlətlərin təhlükəsizlik və strateji maraqlarına qarşı yönəlməməlidir.

"Paşinyanın həm ABŞ, həm də Avropa İttifaqı ilə yaxınlaşma siyasəti Rusiya və İranın maraqlarına zərbə vurur. Çünki Qərb uzun illərdir İrana qarşı sanksiyalar tətbiq edir və onu beynəlxalq siyasi-iqtisadi sistemdən təcrid etməyə çalışır. Paşinyanın siyasəti qlobal güclərin maraqlarını toqquşdurur və balanslaşdırılmış xarici siyasət xəttinə uyğun gəlmir. Bu isə regionda sabitliyin pozulmasına səbəb olur. Azərbaycanın irəli sürdüyü “3+3” regional əməkdaşlıq formatı isə Cənubi Qafqaz problemlərinin region dövlətlərinin iştirakı ilə həllinə xidmət edir. Kənar güclərin regiona müdaxiləsi sabitliyə mənfi təsir göstərir. Bu səbəbdən İranın mövqeyi onun milli təhlükəsizlik maraqları baxımından başadüşüləndir. ABŞ-nin Zəngəzur dəhlizi və ümumilikdə Ermənistan üzərində təsir imkanlarını artırmaq cəhdləri İranın maraqları ilə ziddiyyət təşkil edir. Paşinyan açıq şəkildə Qərbyönlü siyasət yürütmək və Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirmək niyyətində olduğunu bəyan edib. Bu prosesin gələcəkdə Ermənistanın təhlükəsizlik siyasətində də dəyişikliklərə səbəb ola biləcəyi qeyd olunur. Bu istiqamətdə atılan addımlar həm Rusiya, həm də İran tərəfindən narahatlıqla izlənilir. ABŞ və İran arasında gündəmə gələn 60 günlük razılaşma Vaşinqtonun taktiki addımlarından biri kimi qiymətləndirilir. ABŞ-nin İrana münasibətdə strateji xəttinin dəyişməz qaldığı və müxtəlif dövrlərdə fərqli əsaslarla Tehrana təzyiqlər göstərildiyi vurğulanır. Bu səbəbdən 60 günlük razılaşmanın uzunmüddətli nəticələr verəcəyinə dair ciddi gözləntilər yoxdur. Ermənistanın kiçik əraziyə malik olmasına baxmayaraq, burada çoxsaylı xarici diplomatik nümayəndəliklərin fəaliyyət göstərməsi diqqət çəkir. İran tərəfi hesab edir ki, bəzi xarici strukturların fəaliyyəti birbaşa onun təhlükəsizlik maraqlarına toxuna bilər. Bu baxımdan Tehran son dövrlərdə daha açıq mövqe nümayiş etdirməyə başlayıb. Paşinyanın apardığı siyasət qlobal güclərin maraqlarının Cənubi Qafqazda toqquşmasına səbəb olur və bu vəziyyət nə region dövlətlərinin, nə də ümumilikdə Cənubi Qafqazın sabitliyi baxımından arzuolunan hesab edilə bilməz".

Rəfiqə Namazəliyeva,

AzNews.az