"Xəzər dənizi son 100 ildə ən çox çirklənməyə məruz qalan su hövzələrindən biri hesab olunur. Əslində, Xəzər qapalı su hövzəsi olduğuna görə göl sayılsa da, sahəsinin və həcminin böyüklüyünə görə ona dəniz adı verilib. Təəssüf ki, son yüzillik ərzində ətrafında yerləşən şəhərlərin sürətli inkişafı, sənayeləşmə və neft-qaz fəaliyyəti nəticəsində Xəzər ciddi şəkildə çirklənib. Xəzərin bugünkü vəziyyətini 50-60 il əvvəlki dövrlə müqayisə etdikdə həm suyun keyfiyyətində, həm də bioloji resurslarda ciddi dəyişikliklərin baş verdiyi görünür. Dənizdə ağır metalların, müxtəlif oksidlərin və digər çirkləndirici maddələrin miqdarı normanı xeyli üstələyir".
Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
Qeyd edək ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi təkcə region ölkələri üçün iqtisadi və strateji əhəmiyyət daşımır, həm də zəngin biomüxtəlifliyin qorunduğu mühüm ekosistem hesab olunur. Lakin son illərdə dənizin çirklənməsi ilə bağlı narahatlıqlar artmaqdadır. Məişət və sənaye tullantıları, plastik çirklənmə, eləcə də neft-qaz fəaliyyəti Xəzərin ekoloji tarazlığına mənfi təsir göstərən əsas amillər sırasındadır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu proses davam edərsə, dənizdə canlı aləmin vəziyyəti daha da ağırlaşa, ekoloji problemlər isə geri dönüşü çətin olan mərhələyə çata bilər.
Ekoloqun sözlərinə görə, Xəzər dənizində ekoloji problemlərin yaranmasına səbəb olan əsas amillərdən biri neft və qaz hasilatı zamanı meydana çıxan tullantılardır.
"Hasilat zamanı yaranan lay suları, neft qalıqları, qum, gil və digər tullantıların lazımi qaydada idarə olunmaması dəniz ekosisteminə ciddi zərər vurur. Digər mühüm çirklənmə mənbəyi isə təmizlənmədən dənizə axıdılan kanalizasiya sularıdır. Uzun illər ərzində sahilboyu ərazilərdə bu cür tullantı sularının dənizə buraxılması çirklənmənin daha da artmasına səbəb olub. Dənizə daxil olan ağır metallar, karbohidrogenlər, azot birləşmələri və digər zərərli maddələr zamanla dənizin dibində toplanır, bir hissəsi isə suyun üst qatlarında qalaraq günəş şüalarının təsiri ilə daha təhlükəli birləşmələrə çevrilir. Bunun nəticəsində Xəzərin bioloji müxtəlifliyi ciddi zərər görür. Çirklənmə və qanunsuz balıq ovu xüsusilə nərəkimilər kimi qiymətli balıq növlərinin sayının azalmasına səbəb olub. Vaxtilə Xəzərdə geniş yayılmış nərə balıqlarına son illərdə çox nadir hallarda rast gəlinir. Bu balıqlar kürüləmək üçün şirin sulara miqrasiya etsələr də, çayların çirklənməsi və qanunsuz ovlanma onların sayına ciddi təsir göstərib. Xəzərin çirklənməsində sənaye müəssisələrinin tullantıları da mühüm rol oynayır. Müxtəlif istehsalat sahələrində yaranan tullantıların lazımi səviyyədə təmizlənmədən su hövzələrinə axıdılması ekoloji vəziyyəti daha da ağırlaşdırır. Sovet dövründə Xəzərin çirklənmə səviyyəsi daha yüksək olsa da, sonrakı illərdə neft-qaz sektorunda müəyyən ekoloji standartların tətbiqi vəziyyətin qismən yaxşılaşmasına şərait yaradıb. Buna baxmayaraq, problem hələ də aktuallığını qoruyur. Xəzər dənizinin çirklənməsi yalnız ekoloji deyil, həm də regional problemdir. Dənizin sahilində yerləşən beş ölkə üçün Xəzər mühüm ekosistem və iqlim tənzimləyicisidir. Buna görə də bu unikal su hövzəsinin qorunması, gələcək nəsillərə daha sağlam vəziyyətdə çatdırılması hər kəsin ortaq məsuliyyətidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az