"Hesab edirəm ki, peşə təhsilinə marağın arzuolunan səviyyədə olmamasının əsas səbəblərindən biri uzun illər ərzində cəmiyyətdə formalaşmış yanaşmadır. Bir çox ailələr üçün uğurun əsas göstəricisi ali təhsil almaq hesab olunur. Nəticədə peşə təhsili bəzən haqsız olaraq ikinci seçim kimi qəbul edilir. Halbuki müasir dünyada bu yanaşma artıq dəyişməkdədir. Bu gün Almaniya, Avstriya, İsveçrə, Finlandiya kimi ölkələrin təcrübəsinə baxdıqda görürük ki, peşə təhsili iqtisadi inkişafın əsas dayaqlarından biri hesab olunur. Məsələn, Almaniyanın məşhur dual təhsil modeli tələbələrə həm nəzəri bilik, həm də real iş mühitində praktiki təcrübə qazanmaq imkanı yaradır. Nəticədə məzunlar əmək bazarına daha hazırlıqlı daxil olur və qısa müddətdə iş tapmaq imkanına malik olurlar".
Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
Qeyd edək ki, Azərbaycanda son illər peşə təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılsa da, gənclərin bu sahəyə marağının arzuolunan səviyyədə olmadığı müşahidə edilir. Əksər abituriyentlər və valideynlər hələ də ali təhsili əsas hədəf kimi görür, peşə məktəblərini isə alternativ və ya ikinci seçim hesab edirlər. Halbuki əmək bazarında ixtisaslı texniki kadr və peşə sahiblərinə tələbat ildən-ilə artır
G. Əkbərova qeyd edib ki, son illərdə Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılıb.
"Müasir peşə təhsil mərkəzləri yaradılıb, yeni ixtisaslar açılıb, əmək bazarının tələblərinə uyğun proqramlar hazırlanıb. Bununla belə, cəmiyyətin düşüncəsində müəyyən stereotiplər hələ də qalmaqdadır. Bəzən valideynlər övladlarının maraq və bacarıqlarından daha çox diplom əldə etməsinə üstünlük verirlər. Halbuki əmək bazarı artıq diplomdan çox bacarıq tələb edir. Bu gün texnologiya, sənaye, tikinti, kənd təsərrüfatı, xidmət və turizm sahələrində peşəkar kadrlara ehtiyac getdikcə artır. Hətta bəzi hallarda peşə təhsili alan və öz sahəsində peşəkarlaşan gənclər əmək bazarında universitet məzunlarından daha sürətli iş tapır və daha yüksək gəlir əldə edə bilirlər.
Məncə, gənclərin peşə təhsilinə marağını artırmaq üçün ilk növbədə düzgün peşəyönümü işləri aparılmalıdır. Şagirdlər hələ məktəb illərindən müxtəlif peşələrlə tanış olmalı, əmək bazarının real ehtiyacları haqqında məlumat əldə etməlidirlər. Eyni zamanda peşə məktəblərinin uğurlu məzunlarının hekayələrinin ictimaiyyətə təqdim edilməsi, işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi və məzunların məşğulluq göstəricilərinin daha geniş tanıdılması da vacibdir. Düşünürəm ki, gələcəyin uğurlu cəmiyyətləri yalnız ali təhsilli insanların çoxluğu ilə deyil, həm də peşəkar bacarıqlara malik insan resursları ilə seçiləcək. Ona görə də peşə təhsilinə alternativ seçim kimi deyil, əmək bazarına aparan etibarlı və perspektivli təhsil yolu kimi baxmaq lazımdır. Əsas məqsəd hər bir gəncin qabiliyyətinə, marağına və potensialına uyğun inkişaf yolunu seçməsinə şərait yaratmaqdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az