Polşa və Ukrayna arasında gərginlik artır - Bloomberg

23 İyun 2026 11:14 (UTC+04:00)

Polşa ilə Ukrayna arasındakı münasibətlərdə yaranan gərginlik Qdanskda keçiriləcək böyük biznes konfransını və Ukraynanın bərpası ilə bağlı planları təhlükə altına salıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, tarixi mübahisələr Polşada təşkil olunan və Ukraynanın yenidən qurulmasına yönəlmiş ikigünlük görüşə kölgə salıb. Tədbirin məqsədi Polşa şirkətlərinin bərpa layihələrində iştirakını genişləndirməkdir. "World Bank" Ukraynanın bərpasının dəyərini 524 milyard dollar qiymətləndirir.

Gərginlik Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini ölkənin ali dövlət mükafatından məhrum etmək qərarından sonra daha da artıb.

Polşa tərəfi Ukraynanın hərbi bölmələrdən birinə ukraynalı millətçi döyüşçülərin adının verilməsini qərarın əsas səbəbi kimi göstərib. Navrotski bildirib ki, həmin qüvvələr İkinci Dünya müharibəsi dövründə on minlərlə polyakın qətlində iştirak edib.

Buna cavab olaraq Zelenski, bir sıra yüksəkvəzifəli rəsmilər və Ukraynanın üç keçmiş prezidenti Polşadan aldıqları mükafatları geri qaytaracaqlarını açıqlayıblar.

Polşanın Baş naziri Donald Tusk isə mübahisənin strateji səhvə çevrilə biləcəyini bildirərək tərəfləri təmkinli olmağa çağırıb. Onun sözlərinə görə, qarşıdurma həm biznes əlaqələrinə, həm də geosiyasi əməkdaşlığa mənfi təsir göstərə bilər.

Nəşr qeyd edir ki, yaranmış vəziyyət fonunda Qdansk konfransında imzalanması gözlənilən onlarla müqavilə və niyyət protokolu da sual altında qalıb.

Mövsüm,

AzNews.az