Şoyqu: Hörmüz boğazındakı böhran qlobal ərzaq və enerji təhlükəsizliyini təhdid edir

23 İyun 2026 13:06 (UTC+04:00)

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Yaxın Şərqdəki vəziyyət və enerji daşıyıcılarının daşınmasına yaranan maneələr qlobal ərzaq və enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Şoyqunun sözlərinə görə, Hörmüz boğazı ətrafında yaranmış gərginlik dünya bazarlarına enerji resursları və mineral gübrələrin ixracını təhlükə altına salıb.

O qeyd edib ki, enerji daşıyıcılarının və gübrələrin əhəmiyyətli hissəsi məhz bu marşrut vasitəsilə daşınır. Bu isə Afrika, Asiya və Latın Amerikasındakı onlarla ölkənin inkişaf perspektivlərinə mənfi təsir göstərərək ərzaq çatışmazlığı riskini artırır.

Şoyqu həmçinin Rusiyanın istehsal və liman infrastrukturuna qarşı hücum cəhdlərinin, eləcə də qazdaşıyan gəmilərə və digər nəqliyyat vasitələrinə qarşı pirat hücumlarının vəziyyəti daha da mürəkkəbləşdirdiyini bildirib.

Onun fikrincə, Rusiya və Yaxın Şərqdən gələn tədarükün azalmasını mövcud qlobal ehtiyatlarla kompensasiya etmək mümkün deyil.

Rusiya rəsmisi çıxışında vurğulayıb ki, bu təhdidlərə cavab olaraq alternativ logistika və ticarət marşrutlarının inkişaf etdirilməsi, həmçinin BRICS ölkələri arasında koordinasiyanın gücləndirilməsi vacibdir.

Mövsüm,

AzNews.az