Kənd təsərrüfatı torpaqlarının konsolidasiyasına dair tələblər olacaq.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında birgə iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Torpaq Məcəlləsinə təklif edilən yeni 13-2-ci maddəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqların kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə məqsədilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, torpaq sahələrinin və ya onların hissələrinin dəyişdirilməsi (dövlət mülkiyyətində olan torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə dəyişdirilməsi halları istisna olmaqla) nəticəsində torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi, bu məqsədlərə nail olunması üçün ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklərin həyata keçirilməsi prosesidir. Torpaq sahələrinin ekvivalent bazar dəyəri konsolidasiya olunan torpaq sahələrinin alqı-satqısı zamanı formalaşan bazar qiyməti nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilir. Torpaqların konsolidasiyası nəticəsində torpaq sahəsinin bazar qiymətinin artması konsolidasiya olunmuş torpaq sahəsinin mülkiyyətçisi üçün əlavə ödəniş öhdəliyi yaratmır. Torpaqların konsolidasiyası nəticəsində torpaq mülkiyyətçisinə ayrılan torpaq sahəsinin bazar qiymətinin konsolidasiyadan əvvəl malik olduğu torpaq sahəsinin bazar qiymətindən aşağı olduğu müəyyən edildikdə, aradakı fərq torpaq mülkiyyətçisinə kompensasiya şəklində ödənilir. Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası konsolidasiya layihəsi əsasında həyata keçirilir.
Konsolidasiya layihəsində aşağıdakılar müəyyən edilir:
- mövcud torpaq sahələrinin sərhədlərinin, ölçülərinin, yerləşməsinin, bazar qiymətinin, mülkiyyət formasının və onlar üzərində mövcud olan mülkiyyət və digər əşya hüquqlarının təhlil edilməsi;
- torpaq sahələrinin yeni sərhədləri, ölçüləri və yerləşmə sxeminin torpaq sahəsinin mülkiyyətçiləri ilə razılaşdırılması;
- torpaq sahələrinin birləşdirilməsi, bölünməsi və dəyişdirilməsi;
- konsolidasiya olunmuş torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi;
- suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndiskommunikasiya infrastrukturu üzrə dəyişikliklər.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı komissiya tərəfindən qəbul edilir. Komissiyanın qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına dair bölgü sənədi təsdiq olunur. Bölgü sənədi konsolidasiya layihəsinin icrası nəticəsində torpaq sahələrinin sərhədlərinə, ölçülərinə, yerləşməsinə, həmin torpaq sahələr üzərində mülkiyyət və digər əşya hüquqlarına dair məlumatları, eləcə də torpaq sahələri ilə bağlı digər dəyişikliklər barədə məlumatları özündə ehtiva edir və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydası müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə əlaqədar torpaq sahələri üzərində hüquqların başqasına keçməsi konsolidasiyaya dair bölgü sənədi əsasında həyata keçirilir.
Mülki Məcəlləyə təklif edilən yeni - 648-1-ci maddəyə görə, torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə üstünlük hüququ müəyyənləşir. Kənd təsərrüfatı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar. Bu norma qonşu torpaq sahiblərinin öz sahələrini genişləndirməsinə, beləliklə konsolidasiyaya təbii bazar mexanizmi vasitəsilə nail olunmasına şərait yaradır.
Miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün 1282-ci maddəyə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir. Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər. Bundan əlavə, konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına daxil edilir.
"Daşınmaz əmlakın dövlət kadastri, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanuna dəyişiklik konsolidasiya prosesinin texniki tərəfini - torpaq sahələrinin yeni sərhədlərinin yerdə müəyyən edilməsini, kadastr məlumatlarının yenilənməsini və infrastruktur planlaşdırmasını - tənzimləmək üçün yerquruluşu xidmətinin funksiyaları genişləndirilir. Kadastr məlumatları ilə yerdəki faktiki vəziyyət arasındakı uyğunsuzluqların aradan qaldırılması, konsolidasiya ərazilərində yeni infrastruktur obyektlərinin planlaşdırılması bu xidmətin səlahiyyətlərinə daxil edilir. Konsolidasiya ilə bağlı kompleks yerquruluşu işlərinin komissiyanın qərarı əsasında həyata keçirilməsi, yeni formalaşmış sahələrin mülkiyyətçilər arasında bölüşdürülməsi proseduru da müəyyən edilir.
"Torpaq bazarı haqqında" qanuna dəyişikliyə əsasən, konsolidasiya məqsədilə həyata keçirilən torpaq əqdlərinin xüsusi hüquqi rejimə ehtiyacı olduğundan həmin əqdlər torpaq bazarının tənzimləmə çərçivəsinə daxil edilir. Bu dəyişiklik konsolidasiya prosesinin torpaq dövriyyəsi qaydaları ilə ziddiyyət yaratmadan həyata keçirilməsini, əqdlərin hüquqi müəyyənliyini və şəffaflığını təmin edir.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliklə konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilir.
Beləlikl, qanun layihəsi torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün vahid hüquqi əsas formalaşdırır.
Konsolidasiya kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpaq resurslarından tam istifadəni ciddi şəkildə məhdudlaşdırır. Parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya maneə törədir, suvarma sistemlərinin effektiv qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir. Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır.
Layihənin hazırlanmasında geniş miqyasda torpaq konsolidasiyası təcrübəsinə malik ölkələrin, o cümlədən Türkiyənin, habelə digər ölkələrin hüquqi aktları və prinsipləri təhlil edilərək yerli şəraitə uyğunlaşdırılmışdır. Qanun layihəsinin qəbulu kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisdə müzakirə olunan qanunvericilik dəyişiklikləri Azərbaycanda kənd təsərrüfatı torpaqlarının daha səmərəli idarə olunması istiqamətində mühüm institusional addım kimi qiymətləndirilə bilər. Uzun illər ərzində torpaqların miras və digər səbəblərlə xırda hissələrə bölünməsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini, iri təsərrüfatların formalaşmasını və məhsuldarlığın artırılmasını çətinləşdirən əsas problemlərdən biri olub.
Yeni mexanizm torpaq mülkiyyətçilərinin razılığı əsasında sahələrin birləşdirilməsi, sərhədlərinin yenidən müəyyənləşdirilməsi və infrastrukturun daha səmərəli qurulmasını nəzərdə tutur. Bu, suvarma sistemlərinin təkmilləşdirilməsinə, kənd təsərrüfatı texnikasından daha effektiv istifadəyə və istehsal xərclərinin azalmasına şərait yarada bilər. Eyni zamanda, torpaq sahiblərinin hüquqlarının qorunması məqsədilə bazar dəyərinin qiymətləndirilməsi və zərurət yarandıqda kompensasiya mexanizminin tətbiqi nəzərdə tutulur.
Qanun layihəsində qonşu torpaq sahiblərinə üstünlük hüququnun verilməsi və miras nəticəsində torpaqların həddindən artıq parçalanmasının məhdudlaşdırılması da konsolidasiya prosesinin davamlılığını təmin etməyə yönəlib. Bu yanaşma dünyanın bir çox ölkələrində uğurla tətbiq olunan torpaq idarəçiliyi modellərinə uyğundur.
Nəticə etibarilə, torpaq konsolidasiyası kənd təsərrüfatında istehsalın genişlənməsinə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, investisiya imkanlarının artmasına və kənd ərazilərinin sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər. Bununla yanaşı, prosesin şəffaf, könüllülük prinsipi əsasında və torpaq mülkiyyətçilərinin maraqları nəzərə alınmaqla həyata keçirilməsi əsas şərtlərdən biri olacaq.
Nuray, Aznews.az