Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşaya geri qaytardığı Ağ Qartal Ordeni qəbul edilib və bundan sonra Polşa Prezident Administrasiyasında saxlanılacaq.
"Polsat News"-un məlumatına görə, Polşa Prezidenti Karol Navrotskinin mətbuat katibi Rafal Leşkeviç bazar ertəsi axşamı ordenin Prezident Administrasiyasına təhvil verildiyini təsdiqləyib.
Onun sözlərinə görə, geri qaytarılan mükafat Mükafatlar və Təyinatlar İdarəsində saxlanılacaq. Leşkeviç vurğulayıb ki, sözügedən orden bir daha heç kimə təqdim edilməyəcək.
“Bu orden saxlanılmaq üçün təhvil veriləcək və Polşanın ən yüksək və ən mühüm dövlət mükafatı olduğu üçün ona layiq olduğu hörmət göstəriləcək. O, başqa heç kimə verilməyəcək”, – deyə prezidentin sözçüsü bildirib.
Eyni zamanda, o, mükafat qalmaqalının Polşa-Ukrayna münasibətlərində gərginliyin artmasına səbəb olacağını düşünmədiyini qeyd edib.
Leşkeviç xatırladıb ki, Prezident Karol Navrotski daha əvvəl yayılmış bəyanatında Ağ Qartal Ordeni ilə bağlı qərarın ukraynalılara qarşı yönəlmədiyini, Rusiyanın isə Ukraynanın, eləcə də bütün azad Avropa və azad dünyanın düşməni olduğunu vurğulamışdı.
O, həmçinin Volodimir Zelenskinin Ukraynanın bərpasına həsr olunacaq qarşıdakı konfransda iştirak edib-etməyəcəyini bilmədiyini bildirib. Bununla yanaşı, Karol Navrotskinin həmin tədbirə dəvət olunmadığını qeyd edib.
Mövsüm,
AzNews.az