Avropanın NATO daxilində gələcəyi yenidən müəyyən edilir

23 İyun 2026 14:37 (UTC+04:00)

Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Avropanın təhlükəsizlik sistemi yenidən qitənin əsas müzakirə mövzularından birinə çevrilib. Mütəxəssislərin fikrincə, hazırda əsas məsələ Rusiya təhlükəsizliyindən daha çox Avropanın müdafiə sahəsində ABŞ-dən asılılığı ilə strateji məsuliyyət arasında balans yaratmaqdır.

Müzakirələrin mərkəzində Avropa İttifaqının NATO-dan tam müstəqil təhlükəsizlik sistemi qurması deyil, alyans daxilində daha güclü və daha çox məsuliyyət daşıyan Avropa sütununun formalaşdırılması dayanır.

“Strateji muxtariyyət” anlayışı ilk dəfə 1998-ci ildə Sen-Malo Bəyannaməsində gündəmə gəlsə də, sonrakı illərdə Avropa İttifaqının rəsmi təhlükəsizlik konsepsiyasının bir hissəsinə çevrilib. Bununla belə, ekspertlər qeyd edirlər ki, məqsəd NATO-ya alternativ yaratmaq deyil, Avropanın öz təhlükəsizlik qərarlarını qəbul və icra etmək imkanlarını genişləndirməkdir.

Bu məsələdə Avropa ölkələrinin mövqeləri fərqlənir. Fransa strateji muxtariyyət ideyasını fəal şəkildə dəstəkləyir, Almaniya isə NATO mərkəzli yanaşmaya üstünlük verir. Şərqi Avropa ölkələri ABŞ-nin təhlükəsizlik təminatlarına bağlı qalarkən, İtaliya və İspaniya daha balanslı mövqe nümayiş etdirirlər.

Son illərdə Avropa ölkələri müdafiə xərclərini artırıb, birgə hərbi layihələr və müdafiə sənayesi əməkdaşlığı genişlənib. Avropa Müdafiə Fondu, Avropa Sülh Fondu və SAFE proqramı kimi təşəbbüslər bu istiqamətdə atılan addımlar sırasındadır. Lakin mütəxəssislər vurğulayırlar ki, Avropa hələ də bir sıra kritik hərbi imkanlarda ABŞ-dən asılıdır.

Analitiklərin qənaətinə görə, yaxın perspektivdə NATO-nu əvəz edəcək müstəqil Avropa təhlükəsizlik sistemi formalaşmayacaq. Əvəzində, alyans daxilində Avropanın rolunun və məsuliyyətinin artdığı yeni model meydana çıxır. ABŞ-nin Avropadan öz regionunun təhlükəsizlik yükünü daha çox daşımasını tələb etməsi də bu prosesi sürətləndirir.

Ekspertlər hesab edirlər ki, gələcəkdə daha çox müdafiə xərci ayıran, hərbi istehsal imkanlarını genişləndirən və böhranların idarə edilməsində daha fəal iştirak edən Avropa həm NATO-nun dayanıqlığını, həm də ümumi təhlükəsizlik səviyyəsini gücləndirəcək.

Təhlildə Türkiyənin rolu da xüsusi vurğulanır. Avropa İttifaqının üzvü olmasa da, güclü hərbi potensiala malik olan Türkiyə Avropanın gələcək təhlükəsizlik arxitekturasında mühüm tərəfdaşlardan biri kimi qiymətləndirilir.

Ümumi nəticə olaraq, Avropanın təhlükəsizlik strategiyası tam müstəqil müdafiə modelindən daha çox NATO daxilində məsuliyyət və yük bölgüsünün artırılmasına yönəlir. Bu baxımdan, strateji muxtariyyət alyansdan uzaqlaşmaq deyil, onun imkanlarını gücləndirən transformasiya kimi dəyərləndirilir.

Mövsüm,

AzNews.az