“Paşinyanın Qərbyönlü xətti Simonyanın prezidentliyi ilə daha da möhkəmlənə bilər” – Elçin Xalidbəyli

23 İyun 2026 21:21 (UTC+04:00)

"Alen Simonyan baş nazir Nikol Paşinyanın Qərbə inteqrasiya və Rusiyadan uzaqlaşma siyasətinin əsas tərəfdarlarından biri hesab olunur. O, eyni zamanda Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları dəstəkləyən siyasətçilər sırasında yer alır. Alen Simonyanın Ermənistan prezidenti seçilməsi hakimiyyət daxilində həm Qərbə yaxınlaşma xəttinin, həm də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını dəstəkləyən qüvvələrin mövqelərinin daha da güclənməsi kimi qiymətləndirilə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Ermənistan mətbuatında yayılan məlumatlara görə, prezident Vaaqn Xaçaturyanın səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəyə parlamentin hazırkı sədri Alen Simonyanın namizədliyinin irəli sürüləcəyi iddia olunur. Qeyd edək ki, Alen Simonyan son dövrlərdə Azərbaycan-Ermənistan parlamentlərarası dialoqunun inkişafına dəstək verən açıqlamaları ilə diqqət çəkib. O, mediaya verdiyi müsahibələrdən birində Azərbaycana səfər etməyə hazır olduğunu bildirib və bu istiqamətdə Milli Məclisin sədri Sahibə Qafarovadan dəvət aldığını açıqlayıb.

Siyasi şərhçi qeyd edib ki, belə bir təyinat Azərbaycanın maraqlarına cavab verən amillərdən biri hesab oluna bilər.

"Simonyan prezident postuna gətiriləcəyi təqdirdə indiyədək sərgilədiyi mövqeyi davam etdirə və Nikol Paşinyanın siyasi kursunun möhkəmlənməsinə töhfə verə bilər. Hazırda bu məsələyə dair rəsmi açıqlama yoxdur. Ermənistanda prezident institutunun səlahiyyətləri məhduddur və bu vəzifə daha çox simvolik xarakter daşıyır. Bu səbəbdən Alen Simonyanın parlament sədri vəzifəsində qalmağa üstünlük verməsi ehtimalı da istisna edilmir. Hadisələrin inkişafını izləmək lazımdır. Hazırkı vəziyyət nəzərə alındıqda, Alen Simonyanın prezident postuna gətirilməsi Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması prosesinə müsbət təsir göstərə bilər. O, bu istiqamətdə dəstək verə biləcək erməni siyasətçilərdən biri hesab olunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az