Zeynal Nağdəliyev ölkədə pambıqçılığın inkişafı üçün nəzərdə tutulan tədbirləri açıqlayıb

24 İyun 2026 11:35 (UTC+04:00)

“Dövlət Proqramının bitkiçilik məhsulları arasında əsas alt-hədəf indikatorlarından olan pambıqçılıq ölkəmizdə kənd təsərrüfatının ənənəvi və strateji əhəmiyyət daşıyan sahələrindən biridir. Bu sahə yalnız xammal istehsalı baxımından deyil, həm də kənd yerlərində məşğulluğun təmin olunması, emal sənayesinin inkişafı, ixrac potensialının artırılması və aqrar-sənaye zəncirində əlavə dəyərin formalaşdırılması baxımından mühüm rol oynayır.

Pambıqçılıq üzrə ixtisaslaşmış rayonlardan olan fermerlərin və pambıqçılıq şirkətlərinin iştirakı ilə keçirilən bu müşavirəmizdə biz Sizinlə Dövlət Proqramında pambıqçılıqla bağlı qarşımızda duran vəzifələri, həmçinin müəyyən edilmiş hədəflərə çatmaq üçün atılacaq addımları müzakirə edəcəyik. Bu məqsədlə hazırkı müşavirəyə pambıqçılıqla məşğul olan iri təsərrüfatların, habelə emal müəssisələrinin rəhbərləri dəvət olunub”.

APA-nın yerli müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Sabirabada keçirilən regional müşavirədə çıxışında deyib.

Zeynal Nağdəliyev qeyd edib ki, böyük pambıqçılıq ənənəsi olan ölkəmizdə 2015-ci ildə yalnız 18,7 min hektar sahədə pambıq əkilib və cəmi 35,2 min ton pambıq istehsal olunub, məhsuldarlıq isə 18,8 sentner təşkil edib: “2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə pambıqçılığın inkişafına yönəldilən çox ciddi və genişmiqyaslı tədbirlərin görülməsinə başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2016-2019-cu illərdə Sabirabad, Saatlı, Bərdə rayonlarında və Bakı şəhərində pambıqçılığın inkişafı məsələlərinə dair 4 respublika müşavirəsi keçirilib”.

Zeynal Nağdəliyev diqqətə çatdırıb ki, 2016-cı ildə Sabirabad rayonunda keçirilən birinci müşavirədə Prezident İlham Əliyev 2016-cı ilin pambıqçılığın inkişafı üçün həlledici il olacağını bəyan edib.

“Həqiqətən də sonrakı illərdə kənd təsərrüfatının bütün sahələri kimi pambıqçılığın da inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük islahatlar həyata keçirildi, bu sahənin inkişafına dövlət dəstəyi genişləndirildi. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” qəbul olundu, subsidiyaların verilməsi tətbiq edildi, texnika parkı tamamilə yeniləndi, emal müəssisələri ilə fermerlər arasında əməkdaşlıq gücləndirildi, xüsusilə məhsuldarlığın artırılması, suvarma imkanlarının genişləndirilməsi, müasir aqrotexniki tədbirlərin tətbiqi və ixtisaslaşmış rayonlarda pambıqçılığın daha səmərəli təşkili üçün bütün tədbirlər görüldü”, - deyə Prezidentin köməkçisi bildirib.

Onun sözlərinə görə, görülən tədbirlərin nəticəsində pambığın əkin sahələri və istehsalı əhəmiyyətli dərəcədə artıb və 2018-ci ildə 132,5 min ha sahədə 233,6 min ton pambıq istehsal edilib, 210 minə yaxın kənd əhalisinin məşğulluğu təmin olunub: “Lakin orta məhsuldarlıq cəmi 17,6 sent/ha təşkil edib. Layihənin sosial əhəmiyyəti böyük olsa da, yəni insanların məşğulluğu təmin edilsə də, iqtisadi cəhətdən gözlənilən səmərəni vermirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhsuldarlığın artırılması hesabına pambıqçılığın intensiv inkişafının təmin edilməsi ilə bağlı tapşırıqlarına əsasən, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildən başlayaraq, hər il 100-104 min ha sahədə pambıq əkini həyata keçirildi və orta məhsuldarlıq hər hektardan 28-30,9 sentner təşkil etdi.

Bu illər ərzində ən yüksək nəticəyə isə ötən il nail olduq. Fermerlərimiz 100,4 min ha sahədən 362,9 min ton məhsul istehsal edərək, orta məhsuldarlığı 36,1 sentnerə çatdırdılar.

Dövlət başçısı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə pambıqçılıqla bağlı əldə edilmiş nəticələri yüksək qiymətləndirərək qarşımıza hər hektardan ən azı 5 ton məhsulun götürülməsi və emal sənayesinin inkişaf etdirilməsi, o cümlədən mahlıcdan hazır məhsul istehsal edərək ixracına nail olmaq kimi daha yüksək hədəflər qoyub.

Qeyd olunan hədəflərə nail olunması məqsədilə bir sıra kompleks və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, pambıqçılığın texnika təminatının gücləndirilməsi, torpaq resurslarından səmərəli istifadəni təmin edən qabaqcıl aqrotexniki yanaşmaların, o cümlədən lazer hamarlama texnologiyasının tətbiqinin artırılması daxildir”.

Zeynal Nağdəliyev bildirib ki, eyni zamanda, pambıqçılıqda məhsul subsidiyalarının davam etdirilməsi və mahlıcın beynəlxalq bazarlarda dəyişkən qiymətlərindən yaranan risklərin azaldılması üçün sığorta mexanizmlərinin hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur. Bu mexanizmlər həm fermerlərin, həm də pambıqçılıq şirkətlərinin gəlirlərinin sabitliyinin qorunmasına, istehsal planlaşdırmasının daha etibarlı aparılmasına imkan verəcək.

Bununla yanaşı, pambıq emalı sahələrinin inkişafı məqsədilə yeni iplik, parça və tekstil müəssisələrinin qurulması üçün emal avadanlıqlarının alınmasının dəstəklənməsi, eləcə də istehsal edilən pambıq ipliyinin daxili emal sənayesinə yönləndirilməsinin təşviq edilməsi nəzərdə tutulur. Bu yanaşma pambığın yalnız xammal kimi ixrac olunmasının qarşısını almağa, əlavə dəyər zəncirinin ölkə daxilində genişləndirilməsinə və sənayenin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.

“Dövlət proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər pambıqçılığın inkişafında yeni mərhələnin əsasını formalaşdıracaq. Proqramın icrası nəticəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, fermer gəlirlərinin yüksəldilməsi və emal sənayesinin xammal bazasının gücləndirilməsi təmin olunacaq.

Bu proqram pambıqçılığın yalnız ilkin kənd təsərrüfatı məhsulu kimi deyil, bütövlükdə aqrar-sənaye və tekstil zəncirinin mühüm tərkib hissəsi kimi inkişafına şərait yaradacaq. Nəticədə ölkəmizdə pambıqçılıq daha məhsuldar, daha rəqabətqabiliyyətli və daha dayanıqlı sahəyə çevriləcək, regionlarda məşğulluğun artmasına, ixrac imkanlarının genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək.

Xüsusi qeyd etmək istərdim ki, artıq pambıq əkini ilə bağlı ixtisaslaşmış 15 şirkət bu işləri müvəffəqiyyətlə aparır. Onlar kənar müdaxilə olmadan müstəqil surətdə əkin torpaqlarını müəyyən edir, fermerlərlə müqavilələr bağlayırlar. Bu proses artıq təbii bir hal alıb və onlar öz işlərini bilirlər.

Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr, pambıqçılıqda qarşıya qoyulmuş hədəflərə çatmaq üçün icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə bu sahədə daha yüksək nəticələrin əldə olunmasına təkan verəcək”, - deyə Prezidentin köməkçisi qeyd edib.