“İT ixtisaslarında ixtisar gələcək üçün risk yarada bilər” – Ramin Nurəliyev

24 İyun 2026 21:26 (UTC+04:00)

"Hazırda beynəlxalq təcrübədə, yəni dünya standartlarına görə, ölkə əhalisinin 3,5-4,5 faizinin tələbə olması əsas götürülür. Daha dəqiq desək, standart göstərici 4 faiz hesab olunur. Bu göstəricinin aşağı düşməsi də, yuxarı qalxması da tövsiyə edilmir. Aşağı olması zəif göstərici hesab edilir, həddindən artıq yüksəlməsi isə müəyyən problemlər yarada bilir. Məsələn, Rusiyada 10-15 il əvvəl bu göstərici əhalinin sayına nisbətdə 8,5 faizə qədər yüksəlmişdi və sonradan ciddi problemlər ortaya çıxmışdı. Hazırda Türkiyədə isə bu göstərici təxminən 9 faizdir. Yəni ölkə əhalisinin 9 faizini tələbələr təşkil edir ki, bu da beynəlxalq standartlarla müqayisədə yüksək göstəricidir və özünəməxsus problemlər yaradır. Məsələn, ali təhsilli tələbələrin sayının həddindən artıq çox olması peşə təhsilinə marağın azalmasına, hərbi xidmətə yararlılıq məsələlərində müəyyən problemlərin yaranmasına, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində sıxlığa səbəb ola bilir. Buna görə də ali təhsildə tələbələrin payının orta hesabla 4 faiz olması qənaətbəxş hesab edilir. Azərbaycanda vəziyyət necədir? Hazırda bu göstərici təxminən 2,3 faizdir. Yəni bizdə göstərici beynəlxalq standartdan aşağıdır. Bu baxımdan ali təhsil alanların sayı çox deyil. Mən cənab nazirin fikri ilə razıyam. Hətta bəzi ixtisaslar var ki, onların plan yerlərinin sayını azaltmaq lazımdır. Məsələn, bəzi ali təhsil müəssisələrində əmək bazarının tələblərinə uyğun olmayan ixtisaslar üzrə plan yerləri kifayət qədər çoxdur. Belə hallarda həmin ixtisasların plan yerlərinin azaldılması məqsədəuyğun ola bilər".

Bu fikirləri Aznews.az-a çıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, Azərbaycanda ali təhsilin keyfiyyəti və təhsil haqları ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, aşağı təhsil haqları universitetlərin maliyyə imkanlarını məhdudlaşdırır və bu da tədrisin keyfiyyətinə təsir göstərir. Nazir qeyd edib ki, xüsusilə strateji ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis hazırlamaq üçün daha çox resursa ehtiyac var. O, həmçinin regional universitetlərin inkişafının vacibliyini vurğulayaraq bəzi istiqamətlər üzrə onların paytaxtdakı ali məktəblərdən daha yaxşı nəticələr göstərdiyini bildirib.

Ekspert qeyd edib ki, bu proses düşünülmüş şəkildə həyata keçirilməlidir.

"Bir universitetdə plan yeri azaldılırsa, həmin ixtisas üzrə yerlər digər ali təhsil müəssisələrinə yönləndirilməlidir. Xüsusilə əmək bazarının tələbatına cavab verən prioritet ixtisaslarda plan yerlərinin azaldılması ciddi problemlər yarada bilər. Məsələn, kompüter yönümlü ixtisaslarda plan yerləri azaldılmamalıdır. Çin son illərdə bir çox köhnəlmiş ixtisasları ləğv edib və süni intellekt, informasiya texnologiyaları və kompüter yönümlü sahələrin inkişafına üstünlük verib. Biz də bu istiqamətlərdə ixtisarlara getməməliyik. Ümumiyyətlə, kəmiyyət artdıqca keyfiyyətin aşağı düşməsi ehtimalı var. Amma bu, ixtisasdan-ixtisasa dəyişir. Məsələn, tibb, hüquq, beynəlxalq münasibətlər və İT sahələrində plan yerlərinin ciddi şəkildə azaldılması gələcəkdə müəyyən problemlər yarada bilər. Ona görə də bu məsələ mərhələli şəkildə tənzimlənməlidir. Cənab nazirin təhsil haqları ilə bağlı fikrində də müəyyən haqlılıq payı var. Mən də hesab edirəm ki, hazırda Azərbaycanda təhsil haqları ümumilikdə normal və stabil səviyyədədir. Hətta bəzi hallarda nisbətən aşağı hesab oluna bilər. Məsələn, Türkiyədə son illər təhsil haqları sürətlə artaraq bir çox hallarda Azərbaycanı geridə qoyub. Hazırda Azərbaycanda orta təhsil haqqı təxminən 1500-2500 manat civarındadır. Bu məbləğ vətəndaşların böyük hissəsi üçün əlçatan hesab oluna bilər. Əlbəttə, dünyanın müxtəlif ölkələrində fərqli modellər mövcuddur. Avropanın bir sıra ölkələrində təhsil haqları yüksək olsa da, dövlət həmin xərclərin əhəmiyyətli hissəsini öz üzərinə götürür. Nazirin demək istədiyi də məhz budur. Dünyanın bir çox ölkəsində təhsil haqları yüksəkdir, lakin dövlət dəstək mexanizmləri vasitəsilə tələbələrə yardım edilir. Azərbaycanda da dövlət sifarişli yerlər mövcuddur və minlərlə tələbə ödənişsiz təhsil alır. Hazırda dövlət universitetlərində təhsil alan tələbələrin təxminən 70 faizi dövlət sifarişi əsasında təhsil alır. Bu, dövlətin təhsilə göstərdiyi diqqət və qayğının göstəricisidir. Ödənişli təhsilin əsas yükü isə daha çox özəl universitetlərin üzərinə düşür. Əgər gələcəkdə təhsil haqları artsa belə, dövlət sifarişli yerlərə qəbul olunan tələbələrin təhsil haqqı yenə dövlət tərəfindən ödəniləcək. Bu baxımdan dəyişiklik əsasən ödənişli əsaslarla təhsil alan tələbələrə təsir göstərə bilər. Bunun da müəyyən mənada təhsildə rəqabəti artırmaq potensialı var. Məsələn, Kanada kimi ölkələrdə yüksək akademik göstəriciləri olan tələbələr üçün müxtəlif güzəşt mexanizmləri tətbiq edilir. Tələbənin nəticələri nə qədər yüksək olarsa, ödədiyi təhsil haqqı da bir o qədər azalır. Bu, təhsildə rəqabəti və motivasiyanı artıran amillərdən biridir. Təhsil haqlarının gələcəkdə necə dəyişəcəyini indidən söyləmək çətindir. Lakin mən nə təhsil haqlarının artırılmasının, nə də azaldılmasının tərəfdarıyam. Hazırkı vəziyyət ümumilikdə qənaətbəxşdir. Əgər hər hansı dəyişiklik ediləcəksə, bu zaman rəqabət və sosial ədalət prinsipləri də nəzərə alınmalıdır. Universitetlərin əlavə maliyyə resursları əldə etməsi üçün alternativ mexanizmlərdən istifadə etmək daha məqsədəuyğundur. Məsələn, distant təhsilin inkişafı, ikinci ali təhsil proqramlarının genişləndirilməsi və xarici tələbələrin Azərbaycan universitetlərinə cəlb olunması ali təhsil müəssisələrinin gəlirlərinin artmasına kömək edə bilər. Mən hesab edirəm ki, universitetlərin maliyyə imkanlarının genişləndirilməsi üçün əsas diqqət məhz bu istiqamətlərə yönəldilməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az