“Simonyanın prezident seçilməsi bu xəttin güclənməsinə səbəb ola bilər” – Mübariz Göyüşlü

24 İyun 2026 21:27 (UTC+04:00)

"Bu, Ermənistan xalqının və parlamentinin verəcəyi qərardır. Amma Simonyan, təbii ki, Paşinyanın ən yaxın silahdaşlarından biri kimi diqqət çəkir. Son dövrlər onun açıqlamalarını izləyirik. O, əsasən sülh və əməkdaşlıq yönümlü mesajlar verir. Hələlik görünən mənzərə bundan ibarətdir. Təbii ki, onun prezident seçilməsi də bu xəttin və prosesin daha da güclənməsinə səbəb ola bilər. Ümumiyyətlə, Ermənistanda əsas siyasi fiqur baş nazirdir. Prezidentin səlahiyyətləri baş nazirlə müqayisədə daha məhduddur".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Ermənistanda siyasi dairələrdə ölkənin gələcək prezidenti ilə bağlı müxtəlif müzakirələr aparılır. Yerli mətbuatın məlumatına görə, bu vəzifə üçün əsas namizədlərdən biri parlament sədri Alen Simonyandır. Son aylarda Simonyan Azərbaycanla münasibətlərə dair açıqlamaları ilə də diqqət çəkib. O, iki ölkə arasında parlamentlərarası dialoqun vacibliyini vurğulayıb və Azərbaycana mümkün səfərinin gündəmdə olduğunu bildirib. Simonyanın sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də təmaslar olub.

Siyasi şərhçi qeyd edib ki, Simonyanın belə mühüm vəzifəyə seçilməsi Ermənistanın əməkdaşlıq və dialoqla bağlı mesajlarının daha da güclənməsinə müəyyən təsir göstərə bilər.

"Lakin hesab edirəm ki, Ermənistan bu cür çıxışlar və epizodik addımlarla diqqəti əsas məsələlərdən yayındırmamalıdır. Söhbət konstitusiya dəyişikliyinin həyata keçirilməsindən, Zəngəzur dəhlizinin açılmasından və Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışının təmin edilməsindən gedir. Bu istiqamətlərdə konkret addımlar atılmalıdır. Hələlik isə biz belə addımları görmürük. Əgər Simonyan və ya digər rəsmilər diplomatik bəyanatlar və qulağa xoş gələn fikirlər səsləndirirlərsə, bununla yanaşı, əsas məsələlərlə bağlı da real addımların atılmasını gözlədiyimizi diqqətə çatdırmaq istəyirik".

Rəfiqə Namazəliyeva,

AzNews.az