Venesuelada zəlzələ: Onlarla ölü, yüzlərlə yaralı var

25 İyun 2026 09:35 (UTC+04:00)

Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb.

Bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez deyib.

Məlumata görə, təbii fəlakət nəticəsində 700 nəfər xəsarət alıb.

Xeyli insanın itkin düşdüyü bildirilir.

ABŞ Prezidenti Donald Tramp Venesuelada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib.

Bu barədə o, sosial media hesabında paylaşım edib.

“İki güclü zəlzələ Venesuela xalqına böyük zərbə vurub, həm də çoxlu insan itkisinə səbəb olub. ABŞ kömək etməyə hazırdır və buna qadirdir. Hökumətimizin bütün qurumlarına tez bir zamanda hərəkətə keçmək üçün hazır olmağı tapşırmışam. Yeni və əla dostlarımız üçün orada olacağıq. Gələn ilkin məlumatlar heç də yaxşı deyil”, - deyə Tramp qeyd edib.

AzNews.az