Tramp administrasiyası Konqresdən əlavə 87,6 milyard dollar istəyib

25 İyun 2026 12:03 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresə əlavə 87,6 milyard dollar məbləğində maliyyə ayrılması üçün sorğu göndərib.

CNBC telekanalının məlumatına görə, vəsaitin bir hissəsi İranla mümkün müharibə ilə bağlı xərclərin qarşılanmasına yönəldilə bilər.

Məlumata əsasən, ABŞ-nin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vout müvafiq müraciəti Nümayəndələr Palatasının spikeri Mayk Consona təqdim edib.

Sənəddə qeyd olunur ki, Pentaqonun sursat ehtiyatlarının artırılması və ölkənin müdafiə sənayesi bazasının gücləndirilməsi üçün 21 milyard dollara ehtiyacı var. Bundan əlavə, Ebola virusuna qarşı mübarizə üçün 1,4 milyard dollar, nüvə və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə isə 768 milyon dollar ayrılması istənilir.

Sorğuda həmçinin amerikalı fermerlərin dəstəklənməsi üçün 10 milyard dollar, Vaşinqtonda bərpa və tikinti layihələri üçün 500 milyon dollar, Nyu-Yorkdakı dəmiryol vağzalının yenidən qurulması üçün isə 1 milyard dollar nəzərdə tutulur.

CNBC-nin qiymətləndirməsinə görə, “populyar olmayan müharibənin” maliyyələşdirilməsinə səs vermək zərurəti 2026-cı ildə keçiriləcək aralıq seçkilər ərəfəsində respublikaçılar üçün siyasi baxımdan çətin vəziyyət yarada bilər.

Mövsüm,

AzNews.az