Fitso: Ukraynadakı müharibənin hərbi həlli yoxdur

25 İyun 2026 16:50 (UTC+04:00)

Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Ukraynadakı genişmiqyaslı müharibə hərbi yolla başa çata bilməz və sülhə yalnız danışıqlar masası arxasında nail olmaq mümkündür.

Qdanskda keçirilən Ukraynanın bərpasına həsr olunmuş konfransda çıxış edən Fitso vurğulayıb ki, Avropa tərəfdaşları sülh təşəbbüslərini dəstəkləməlidirlər.

“Bu dağıdıcı müharibənin hərbi həlli yoxdur və o, yalnız danışıqlar masası arxasında sona çata bilər”, – deyə Slovakiya hökumətinin başçısı bildirib.

Onun sözlərinə görə, müharibə Ukraynada böyük humanitar fəlakət və dağıntılar yaradıb, eyni zamanda onun nəticələri ölkə hüdudlarından kənarda da hiss olunur.

Fitso qeyd edib ki, Slovakiya üçün ən yaxşı alternativ Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsas prinsiplərinə söykənən beynəlxalq hüquqa tam riayət olunmasıdır.

“Buna görə də hökumətimiz hər zaman daha fəal diplomatik səylərə çağırış edir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Robert Fitso daha əvvəl də Slovakiyanın Ukraynaya silah və birbaşa maliyyə yardımı göstərməyəcəyini bəyan etmişdi.

Mövsüm,

AzNews.az