“Zatulinin açıqlamaları siyasi şantajın təzahürüdür” — Tural İsmayılov

25 İyun 2026 17:43 (UTC+04:00)

"Konstantin Zatulinin Ermənistandakı seçkilərin legitimliyini şübhə altına alan bəyanatı rəsmi Moskvanın postsovet məkanında, xüsusən də özünün ən yaxın müttəfiqləri ilə münasibətlərdə hələ də imperiya təfəkküründən və "böyük qardaş" diktatından əl çəkə bilmədiyinin növbəti bariz nümunəsidir. Zatulinin timsalında Rusiya siyasi elitası suveren bir dövlətin daxili işlərinə, xalqın azad iradəsinə birbaşa müdaxilə etməkdən çəkinmir və özünü digər respublikaların seçki proseslərinə qiymət verən yeganə ali instansiya kimi aparır. Bu yanaşma beynəlxalq hüququn təməl prinsiplərinə, dövlətlərin suverenliyi və bərabərliyi prinsiplərinə tamamilə ziddir. Zatulinin "de-yure və de-fakto" fərqini qabartması isə Kremlin beynəlxalq münasibətlərdə uzun illərdir tətbiq etdiyi ikiüzlü və riyakar siyasətin növbəti təzahürüdür".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Ermənistanda keçirilmiş son parlament seçkiləri ətrafında müzakirələr davam edir. Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin seçki prosesinə dair iradlarını səsləndirərək nəticələrin birmənalı qarşılanmadığını bildirib. Onun sözlərinə görə, seçkiqabağı və seçkidən sonrakı dövrdə baş verən hadisələr səsvermənin şəffaflığı və qanuniliyi ilə bağlı sualların yaranmasına səbəb olub. Zatulin qeyd edib ki, Rusiya Ermənistanla əməkdaşlığı davam etdirmək niyyətindədir, lakin bu, Moskvanın seçkilərin nəticələrinə tam siyasi qiymət verdiyi anlamına gəlmir. Deputat həmçinin vurğulayıb ki, rəsmi hüquqi mövqe ilə siyasi reallıq arasında fərqlər mövcud ola bilər və Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Hazırda gözlər Ermənistan Konstitusiya Məhkəməsinin verəcəyi yekun qərara yönəlib. Rusiya tərəfi də məhz bu qərardan sonra seçkilərin nəticələrinə dair rəsmi mövqeyini açıqlayacağını bəyan edib.

Siyasi şərhçi bildirib ki, seçkilərin nəticələrini xalqın iradəsi və hüquqi reallıq əsasında deyil, yalnız Rusiyanın maraqlarına nə dərəcədə xidmət etməsi prizmasından qiymətləndirmək siyasi şantajın təzahürüdür.

"Rusiya bu cür bəyanatlarla Ermənistan xalqının seçiminə hörmətsizlik nümayiş etdirir və İrəvanı daim qorxu, qeyri-müəyyənlik içində saxlamağa çalışır. Digər dövlətlərin legitimliyini öz maraqlarına görə tərəziyə qoyan bir siyasətçinin şərh daxilində qətiyyən səmimiyyəti yoxdur. Eyni zamanda, Zatulinin Ermənistan Konstitusiya Məhkəməsinin qərarını gözləmək bəhanəsi ilə təzyiq alətlərini aktiv saxlamaq cəhdi Rusiyanın artıq Cənubi Qafqazda öz əvvəlki mütləq nüfuzunu itirdiyinin və qorxu içində repressiv tezislərə sığındığının göstəricisidir. Moskvanın öz təsir rıçaqlarını qorumaq üçün hər hansı bir ölkənin daxili siyasi böhranından, seçki sonrası həssaslığından sui-istifadə etməsi müttəfiqlik prinsiplərinə tamamilə xəyanətdir. Zatulin kimi fiqurların səsləndirdiyi bu kəskin və imperativ bəyanatlar region ölkələrini Moskvadan daha da uzaqlaşdırır və Rusiyanın güvənilməz, təzyiqçi bir tərəfdaş imicini daha da möhkəmləndirir".

Rəfiqə Namazəliyeva,

AzNews.az