“Regionun gələcəyi ortaq maraqlardan keçir” – Aytən Qurbanova

25 İyun 2026 19:52 (UTC+04:00)

"Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya rəsmi səfəri və səfər çərçivəsində “3+3” regional əməkdaşlıq platforması ilə bağlı verdiyi mesajlar Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi nizamın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Türkiyənin bu platformanı regional sülh və əməkdaşlığın mühüm mexanizmi kimi təqdim etməsi göstərir ki, postmünaqişə dövründə regionun təhlükəsizlik və inkişaf gündəliyinin kənar güclərin rəqabətindən daha çox regional aktorların siyasi iradəsi əsasında formalaşdırılmasına maraq artır. Bu yanaşma təsadüfi deyil. Qlobal güc balansının dəyişdiyi, geosiyasi rəqabətin dərinləşdiyi və beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin artdığı mövcud şəraitdə regional problemlərin məhz region dövlətlərinin iştirakı ilə həll olunması beynəlxalq siyasətdə getdikcə daha çox qəbul edilən modelə çevrilir. “3+3” platformasının strateji mahiyyəti də məhz bu prinsipə əsaslanır. Formatın başlıca məqsədi Cənubi Qafqazda təhlükəsizlik, iqtisadi inkişaf və nəqliyyat-kommunikasiya əməkdaşlığı üzrə ortaq gündəmin formalaşdırılması, regionun gələcəyinin xarici geosiyasi rəqabətin deyil, qarşılıqlı maraqların müəyyən etdiyi əməkdaşlıq modeli üzərində qurulmasıdır. Hakan Fidanın platformanın dayanıqlığının bütün iştirakçıların maraqlarının nəzərə alınmasından və qarşılıqlı etimadın möhkəmləndirilməsindən asılı olduğunu vurğulaması da məhz bu reallıqdan irəli gəlir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri zamanı “3+3” regional əməkdaşlıq platforması ilə bağlı verdiyi mesajlar diqqət çəkib. O, Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstanı birləşdirən bu formatın regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi üçün vacib mexanizm olduğunu bildirib. Fidan qeyd edib ki, platforma çərçivəsində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Bununla yanaşı, o, iştirakçı ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsinin və bütün tərəflərin maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Türkiyəli nazir həmçinin siyasi fikir ayrılıqlarının bəzi hallarda iqtisadi əməkdaşlıq imkanlarını məhdudlaşdırdığını diqqətə çatdırıb.

Siyasi şərhçi qeyd edib ki, istənilən regional mexanizmin effektivliyi yalnız siyasi bəyanatlarla deyil, iştirakçı dövlətlərin ortaq maraqları praktik əməkdaşlığa çevirmək iradəsi ilə qiymətləndirilir.

"Azərbaycan üçün bu yanaşma prinsip etibarilə yeni deyil. Belə ki, Azərbaycan uzun illərdir Cənubi Qafqazın problemlərinin region dövlətlərinin birgə məsuliyyəti əsasında həll olunmasını, əməkdaşlığın geosiyasi qarşıdurmadan üstün tutulmasını və regional sahiblik prinsipinin möhkəmləndirilməsini ardıcıl şəkildə müdafiə edir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra regionda yaranmış yeni geosiyasi reallıq bu siyasətin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırıb. Münaqişə mərhələsinin başa çatması Cənubi Qafqazın gündəliyini təhlükəsizlik risklərindən iqtisadi inteqrasiyaya, bloklaşmadan qarşılıqlı bağlantılara və kommunikasiyaların bərpasına yönəldib. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, “3+3” platforması postmünaqişə dövrünün yaratdığı imkanların institusional çərçivəyə salınması cəhdi kimi qiymətləndirilə bilər. Platformanın perspektivləri ilk növbədə iqtisadi və geostrateji amillərlə şərtlənir. Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat və enerji marşrutlarının kəsişdiyi strateji coğrafiyadır. Azərbaycanın son illərdə həyata keçirdiyi enerji, nəqliyyat və logistika layihələri ölkəmizi Avrasiyanın mühüm tranzit mərkəzlərindən birinə çevirib. Regional kommunikasiyaların tam bərpası, yeni iqtisadi əlaqələrin qurulması və ticarət marşrutlarının genişləndirilməsi Azərbaycanın geoiqtisadi mövqeyini daha da gücləndirməklə yanaşı, bütövlükdə regionun iqtisadi dayanıqlığını artıracaq. Məhz buna görə “3+3” formatı yalnız siyasi dialoq platforması deyil, qarşılıqlı iqtisadi asılılıq vasitəsilə sülhü möhkəmləndirən strateji əməkdaşlıq mexanizmi kimi dəyərləndirilməlidir. Lakin platformanın gələcəyi ilk növbədə iştirakçı dövlətlərin siyasi iradəsindən asılı olacaq. Bu baxımdan Ermənistanın mövqeyi həlledici əhəmiyyət daşıyır. Əgər İrəvan regionda formalaşmış yeni reallıqları qəbul edərək revanşist yanaşmalardan imtina etsə, Azərbaycanla sülh sazişinin imzalanmasına və kommunikasiyaların açılmasına konstruktiv yanaşsa, bu, yalnız regional sabitliyə deyil, ilk növbədə Ermənistanın öz iqtisadi inkişafına xidmət edəcək. Əks halda, regionda formalaşan yeni əməkdaşlıq mühiti Ermənistanın özünü geoiqtisadi proseslərdən kənarda qoyması ilə nəticələnə bilər. Son illərin siyasi təcrübəsi göstərir ki, Cənubi Qafqazda davamlı inkişafın alternativi qarşıdurma deyil, əməkdaşlıq və iqtisadi inteqrasiyadır. Platformanın tam potensialla fəaliyyət göstərməsinə təsir edən əsas amillərdən biri Gürcüstanın prosesdə iştirak etməməsidir. Bunun səbəbi Tbilisi ilə Moskva arasında davam edən siyasi ziddiyyətlərdir. Bununla belə, iqtisadi reallıqlar göstərir ki, regionun əsas tranzit ölkələrindən biri olan Gürcüstanın uzunmüddətli perspektivdə regional əməkdaşlıq təşəbbüslərindən tam kənarda qalması real görünmür. Məhz bu baxımdan Hakan Fidanın siyasi məhdudiyyətlərlə iqtisadi zərurət arasında balansın tapılmasına dair fikirləri gələcək perspektiv baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Hakan Fidanın Moskva səfəri Türkiyə ilə Rusiya arasında regional məsələlər üzrə dialoq kanallarının qorunduğunu da nümayiş etdirdi. Bu, tərəflərin bütün məsələlərdə eyni mövqedən çıxış etməsi anlamına gəlməsə də, Cənubi Qafqazda sabitliyin, kommunikasiyaların inkişafının və regional əməkdaşlığın hər iki dövlət üçün strateji əhəmiyyət daşıdığını göstərir. Azərbaycan isə balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti sayəsində bu prosesdə etibarlı tərəfdaş və təşəbbüskar aktor kimi çıxış edir. Bütövlükdə, “3+3” platforması Cənubi Qafqazın yeni geosiyasi inkişaf modelini formalaşdırmaq potensialına malik mühüm regional təşəbbüsdür. Onun gələcək uğuru iştirakçı dövlətlərin geosiyasi rəqabəti deyil, ortaq maraqları prioritet seçməsindən, siyasi etimadın möhkəmləndirilməsindən və iqtisadi əməkdaşlığın davamlı siyasi mexanizmə çevrilməsindən asılı olacaq. Azərbaycan üçün isə bu platforma regionda dayanıqlı sülhün möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və ölkənin regional lider mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır".

Rəfiqə Namazəliyeva,

AzNews.az