Türk investorları Azərbaycan sığorta sektoruna yenidən üz tutur - ŞƏRH

25 İyun 2026 21:43 (UTC+04:00)

Türkiyənin sığorta şirkətləri yenidən Azərbaycan bazarında fəaliyyət göstərə bilər.

Bunu "Report"a açıqlamasında Türkiyə Sığorta Birliyinin Sədri Əhməd Yaşar bildirib.

O, vaxtilə Türkiyə sığortaçılarının Azərbaycanda "Günay Anadolu Sığorta", "Başak İnam Sığorta" və "AXA MBask" kimi şirkətlərdə pay sahibi olduğunu xatırladıb: "Hazırda Azərbaycanın sığorta bazarında əsasən yerli şirkətlər fəaliyyət göstərir. Bununla belə, mən hesab edirəm ki, qarşıdakı dövrlərdə bu bazara xaricilərin marağı yenidən artacaq. Türk Dünyası Sığorta Birliyi çərçivəsində əməkdaşlığın genişlənməsi, bazarların bir-birini daha yaxından tanıması və qeyri-müəyyənliklərin azalması türk investorlarının sığorta sektoruna marağını gücləndirəcək".

"Türkiyədə də uzun illər yerli investorlar sığorta şirkətlərinin yaradılmasına o qədər də maraq göstərmirdilər. Lakin son illərdə bu sahəyə marağın artdığını görürük. Eyni tendensiya Şimali Kiprdə də müşahidə olunur və burada sığorta şirkətlərinin sayı artır. Bu baxımdan, Türkiyə və Şimali Kiprdəki investorların gələcəkdə Azərbaycanda sığortaya investisiya yönəltməsi ehtimalını yüksək qiymətləndiririk", - deyə sədr əlavə edib.

Ə.Yaşar həmçinin deyib ki, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrlə bağlı sığorta xidmətindən istifadə olunur və hazırda həmin xidmətlərlə bağlı məlumat bazası yaradılır: "Hazırda əlimdə bu məsələyə dair konkret rəqəmlər yoxdur. Lakin dünən burada fəaliyyət göstərən iri tikinti şirkətlərindən birinin, hətta İtaliya şirkətinin türk meneceri ilə görüşmək imkanım oldu. Qarabağda çoxsaylı türk tikinti şirkətləri müxtəlif layihələr həyata keçirir. Bu layihələrin sığortalanması əsasən Azərbaycanda həyata keçirilsə də, Türkiyə sığorta şirkətləri də bu prosesdə dəstək rolunu oynayırlar. Lakin risklərin həcmi və tələb olunan sığorta tutumu baxımından yalnız yerli və ya türk şirkətlərinin imkanları kifayət etmir. Bu səbəbdən beynəlxalq təkrarsığorta bazarlarının imkanlarından da istifadə olunur. Türk Dünyası Sığorta Birliyi çərçivəsində hesabatlılıq sisteminin qurulması və konsolidə edilmiş məlumat bazasının yaradılması vacibdir. Bunun üçün də müvafiq məlumatların toplanması istiqamətində işlərə başlamışıq".

Əhməd Yaşarın açıqlaması Azərbaycan sığorta bazarının artıq regional inteqrasiyanın yeni mərhələsinə daxil olduğunu göstərir. Burada diqqət çəkən məqam təkcə Türkiyə şirkətlərinin bazara qayıtmaq istəyi deyil, həm də Türk Dünyası çərçivəsində ortaq sığorta məkanının formalaşdırılması perspektividir.

Azərbaycan sığorta bazarı son illərdə həm kapital baxımından güclənib, həm də dövlət tənzimlənməsi nəticəsində daha dayanıqlı sistemə çevrilib. Vaxtilə xarici iştirakçıların payı daha yüksək olsa da, sonrakı dövrdə bazarın lokallaşması müşahidə edildi. İndi isə bazarın həcminin böyüməsi, iri infrastruktur layihələrinin həyata keçirilməsi və iqtisadi aktivliyin artması xarici investorların marağını yenidən artırır.

Türkiyə şirkətlərinin Azərbaycana qayıdışı ilk növbədə rəqabəti gücləndirə bilər. Bu isə xidmət keyfiyyətinin yüksəlməsinə, yeni məhsulların meydana çıxmasına və sığorta sektoruna əlavə kapital axınına səbəb ola bilər. Xüsusilə Türkiyənin inkişaf etmiş sığorta təcrübəsi və böyük bazar təcrübəsi Azərbaycan üçün əlavə imkanlar yarada bilər.

Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr məsələsi xüsusi diqqət tələb edir. Həmin ərazilərdə tikinti, enerji, logistika və sənaye layihələrinin sığortalanması çox böyük maliyyə tutumu tələb edir. Belə riskləri yalnız yerli şirkətlərin üzərinə qoymaq çətindir. Buna görə də beynəlxalq təkrarsığorta mexanizmlərinin tətbiqi qaçılmazdır. Əhməd Yaşarın vurğuladığı kimi, burada Türkiyə şirkətləri ilə beynəlxalq təkrarsığorta bazarları arasında əməkdaşlıq modeli daha real görünür.

Açıqlamanın ən mühüm hissələrindən biri isə Türk Dünyası Sığorta Birliyi çərçivəsində vahid məlumat bazasının yaradılması təşəbbüsüdür. Əgər bu layihə reallaşarsa, türk dövlətləri arasında risklərin qiymətləndirilməsi, təkrarsığorta əməliyyatları və investisiya qərarları daha effektiv həyata keçirilə bilər. Bu da gələcəkdə ortaq sığorta bazarının formalaşmasına zəmin yaradar.

Nəticə etibarilə, Türkiyə sığorta şirkətlərinin Azərbaycan bazarına qayıdışı yaxın dövr üçün konkret qərar deyil, lakin iqtisadi məntiq baxımından tam real perspektivdir. Azərbaycanın böyüyən sığorta bazarı, Qarabağda aparılan genişmiqyaslı layihələr və Türk Dünyası çərçivəsində institusional əməkdaşlığın dərinləşməsi bu prosesi sürətləndirən əsas amillər kimi çıxış edir. Bu tendensiya davam edərsə, qarşıdakı illərdə Azərbaycan sığorta sektorunda türk kapitallı yeni iştirakçıların meydana çıxması sürpriz olmayacaq.

Nuray

Aznews.az