Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə görüşdü

26 Sentyabr 2013 14:51 (UTC+04:00)
Qazaxıstan, Bolqarıstan, Honduras və Kolumbiya xarici işlər nazirləri ilə də görüş keçirilib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkiyə, Qazaxıstan, Bolqarıstan, Honduras və Kolumbiya xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlər zamanı ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüşlərdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib. Keçirilən görüşlər zamanı Elmar Məmmədyarov həmkarlarına Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib. O, bu münaqişənin tezliklə həllinin vacib olduğunu bildirib. Elmar Məmmədyarov bunun üçün ilk növbədə Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının, etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş insanların geri qayıtmasının zəruri olduğunu xüsusi vurğulayıb.

AzNews.az