Böyük Britaniya kralı III Çarlz müasir tarixdə ilk dəfə şəxsi vergilərinin məbləğini ictimaiyyətə açıqlayıb. Onunla yanaşı, Şahzadə Uilyam da vergi öhdəlikləri barədə məlumatı açıqlayıb.
Bukinqem sarayı və Kensinqton sarayı bu addımı Britaniya monarxiyasının maliyyə şəffaflığının artırılması siyasətinin bir hissəsi kimi qiymətləndiriblər.
Açıqlanan məlumata əsasən, III Çarlz 2024–2025-ci maliyyə ili üzrə gəlir və kapital artımı vergisi olaraq könüllü şəkildə 12,9 milyon funt sterlinq ödəyib. Şahzadə Uilyam isə eyni dövrdə 7,76 milyon funt sterlinq vergi verib.
Bukinqem sarayı kralın gəlirlərinin hansı vergi dərəcəsi ilə hesablandığını açıqlamayıb. Bildirilib ki, onun əsas şəxsi gəlir mənbəyi ötən maliyyə ilində 26,5 milyon funt sterlinq dividend gətirən Lankaster Hersoqluğu olub.
Şahzadə Uilyamın hesabatında isə onun bütün şəxsi gəlirlərinə gəlir və kapital artımı üzrə ən yüksək vergi dərəcəsinin tətbiq olunduğu qeyd edilib.
Ötən illə müqayisədə kralın ödədiyi vergi 11,7 milyon funtdan 12,9 milyon funta yüksəlib. Şahzadə Uilyamın vergi ödənişi isə 8,34 milyon funtdan 7,76 milyon funta enib.
Kral ailəsinin şəxsi xəzinəsinin rəhbəri Ceyms Çalmers bildirib ki, Britaniya monarxiyasının maliyyə sistemi mürəkkəb görünsə də, aydın hüquqi əsaslara söykənir və monarxın vəzifələrini müstəqil və hesabatlı şəkildə yerinə yetirməsinə imkan yaradır.
Bundan əlavə, kral ailəsi üzvləri dövlət tərəfindən ayrılan illik Suveren Qrant vasitəsilə də maliyyələşdirilir. Gələn il bu qrantın həcmi Bukinqem sarayının on il davam edən əsaslı təmirinin başa çatması ilə əlaqədar 137,9 milyon funt sterlinqdən 99,9 milyon funt sterlinqə endiriləcək.
Mövsüm,
AzNews.az