"Onların mövcudluğu bu süfrədən tökülən qırıntılar hesabına davam edir" - Əli Əkbər Vilayəti

26 İyun 2026 16:50 (UTC+04:00)

İranın ali liderinin baş müşaviri Əli Əkbər Vilayəti ABŞ və Körfəz Əməkdaşlıq Şurasının Hörmüz boğazı ilə bağlı birgə bəyanatını sərt tənqid edib.

Vilayəti X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, regiondakı ərəb dövlətlərinin sabitliyi İranın Hörmüz boğazı üzərində uzun illər davam edən nəzarəti sayəsində təmin olunub.

O, ABŞ və Körfəz Əməkdaşlıq Şurasının bəyanatına toxunaraq deyib:

"Regionun ətrafındakı kiçik siyasi oyunçular sifarişli bəyanatlarla təsəlli tapmasınlar. Unutmasınlar ki, onların mövcudluğu bu süfrədən tökülən qırıntılar hesabına davam edir."

Xatırladaq ki, ABŞ və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri son görüşdə İranla yekun razılaşmaya nail olmaq üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb, Hörmüz boğazından keçidə görə hər hansı ödəniş tələb edilməsinin qəbuledilməz olduğunu bildiriblər. Onlar həmçinin İranın ballistik raket proqramı, pilotsuz uçuş aparatları və regiondakı silahlı qruplara dəstəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Mövsüm,

AzNews.az