“Ermənistanda revanşist qüvvələrin təsir imkanları genişlənir” — Şəhla Cəlilzadə

26 İyun 2026 17:36 (UTC+04:00)

"7 iyun seçkiləri Ermənistan üçün mühüm bir sınaq oldu. Bu seçkilərdə Ermənistan cəmiyyəti sülh və ya müharibə, regional kommunikasiyaların açılması, Azərbaycan və Türkiyə ilə normallaşma, Avropa ilə əməkdaşlığın dərinləşdirilməsi, yaxud Rusiyaya daha sıx bağlılığın və ondan asılılığın davam etdirilməsi arasında seçim etdi. Seçki nəticələri göstərdi ki, Paşinyan 49,8 faiz səslə qalib gəlsə də, sülh gündəliyinə dəstək cəmiyyətin mütləq əksəriyyətini əhatə etmir. Başqa sözlə, erməni cəmiyyəti hələ də müharibədən sonrakı psixoloji və siyasi mərhələni tam geridə qoya bilməyib. Cəmiyyətdəki bu natamam duyğulardan istifadə edən Rusiya və ona bağlı siyasi qüvvələr öz təsir imkanlarını genişləndirməyə çalışırlar. Doğrudur, revanşist qüvvələrin təmsilçiləri seçki marafonunda arzuladıqları nəticəni əldə edə bilmədilər və 105 yerlik parlamentdə cəmi 41 mandat qazandılar. Bununla belə, bu nəticəni onlar üçün tam uğursuzluq kimi qiymətləndirmək də düzgün olmaz. Çünki əvvəlki çağırış parlamentdə (2021–2026) onların ümumi mandat sayı 36 idi. Bu isə o deməkdir ki, qarşıdakı beş il ərzində onların Paşinyan hökumətinə və idarəetmə qərarlarına təsir imkanları əvvəlki dövrlə müqayisədə daha geniş olacaq. Xüsusilə qeyd edilməlidir ki, konstitusiya referendumunun keçirilməsi üçün Paşinyan komandasının parlamentdə ümumi səslərin üçdəikisini toplaması tələb olunur. Hazırda hakim komandanın 64 deputatı var və bu həddə çatmaq üçün daha 6 səsə ehtiyac duyulur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistanda keçirilən son parlament seçkilərindən sonra ölkənin daxili siyasi gündəmində yeni dinamika formalaşıb. Rəsmi nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası parlamentdə üstün mövqeyini qoruyub saxlasa da, müxalif qüvvələrin nəticələri qəbul etməməsi siyasi gərginliyin hələ də davam etdiyini göstərir. Müxalifətin etiraz aksiyaları keçirməsi və seçkinin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsi hakimiyyətlə müxalifət arasındakı qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri gücləndirib. Bununla yanaşı, Qarabağ mövzusu ətrafında səslənən bəyanatlar və revanşist çağırışların yenidən gündəmə gəlməsi ölkənin siyasi mənzərəsini daha da mürəkkəbləşdirir. Yaranmış vəziyyət Ermənistanın siyasi sabitliyinin gələcəyi, müxalifətin növbəti addımları və hakimiyyətin bu proseslərə hansı şəkildə reaksiya verəcəyi ilə bağlı sualları aktuallaşdırır.

Siyasi şərhçi bildirib ki, konstitusiya referendumunun keçirilməsi üçün lazım olan əlavə səsləri qazanmaq məqsədilə Paşinyan ya müxalif qüvvələrlə əməkdaşlığa üstünlük verməli, ya da siyasi təsir və təzyiq vasitələrindən istifadə etməlidir.

"Hətta belə bir ehtimal da irəli sürülür ki, mövcud vəziyyət Paşinyana referendum məsələsini ləngitmək baxımından sərf edir. Ola bilsin ki, o, konstitusiya dəyişiklikləri vasitəsilə tarixi iddialardan erməni cəmiyyətini hələ də tam şəkildə uzaqlaşdıra bilməyəcəyini düşünür. İstənilən halda, revanşist qüvvələrin siyasi çağırışları və seçki nəticələrinə dair etirazları yeni siyasi prosesin başlanmasına səbəb olub. Seçkilərdə iştirak edən 18 siyasi qüvvədən 7-si, o cümlədən Karapetyan, Koçaryan, Sarukyan və digərləri seçkilərin nəticələrinin ləğv edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edirlər. Paşinyan isə bunun baş verməyəcəyini bildirib. Əksinə, o, müxalifəti seçki saxtakarlığında ittiham edərək, Koçaryanın qazandığı səslərin 70 faizinin saxta olduğunu və bütün qanun pozuntularının ifşa ediləcəyini bəyan edib. Koçaryan və Karapetyanın vəkilləri isə Konstitusiya Məhkəməsinin 9 hakimindən 2-sinin seçki nəticələrinə dair prosesdə iştirakdan siyasi mövqelərinə görə uzaqlaşdırılmasına etiraz edirlər. Onlar eyni zamanda digər iki hakimin də hakimiyyətə yaxın mövqedə olduqlarını əsas gətirərək prosesdən kənarlaşdırılmasını tələb ediblər. Məhkəmənin ilk iclası məhz bu və digər prosedur xarakterli mübahisələrlə yadda qalıb. Bu vəziyyət onu deməyə əsas verir ki, vaxtilə Koçaryan və Sarkisyan dövründə formalaşmış hakimlər korpusunun mühüm hissəsi sistemdən uzaqlaşdırılıb və belə olan halda Konstitusiya Məhkəməsinin seçki nəticələrini təsdiqləyən qərar verməsi ehtimalı yüksəkdir. Məhz bu ehtimalı nəzərə alan bəzi revanşist qüvvələr artıq əhalini etiraz aksiyalarına səfərbər etmək imkanlarını da müzakirə edirlər. Lakin korrupsiya və müxtəlif cinayət ittihamları ilə assosiasiya olunan qüvvələrin genişmiqyaslı inqilabi dalğa yaratması inandırıcı görünmür. Paşinyan vaxtilə “məxməri inqilab”ın lideri kimi çıxış etmişdisə, indi o, öz siyasi rəqiblərinə qarşı faktiki olaraq əks-hücum mərhələsinə keçdiyini nümayiş etdirir. O, keçmiş rejimin nümayəndələrinə qarşı daha sərt üsullarla mübarizə aparacağını və onların törətdiyi qanun pozuntularını ifşa edəcəyini bəyan edir. Bu kontekstdə xüsusilə diqqət çəkən məqamlardan biri Koçaryana qarşı cinayət işinin qaldırılmasıdır. Ümumilikdə, Konstitusiya Məhkəməsindəki prosesin 4 iyulda yekunlaşacağı gözlənilir. Əgər bu proses Paşinyanın və onun siyasi gündəliyinin legitimliyini bir daha təsdiqləyərsə, onun radikal müxalifət üzərində təsir imkanları da artacaq. Bundan sonrakı əsas mərhələ isə sülh gündəliyinin reallaşdırılması və bu istiqamətdə konkret, qəti addımların atılması olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az