İmam Hüseyn rəğbəti: baş yaraq, yoxsa baş yoraq?

27 İyun 2026 07:20 (UTC+04:00)

İslam tarixi ilə dərindən maraqlananlar üçün iki sualın birmənalı cavabı yoxdur. Hərçənd bu suallar islam peyğəmbərinin vəfatından sonra bütün dövrlərdə aktual olub. Tarixi qaynaqlar təsdiq edir ki, peyğəmbər həzrətləri öz əshabələri ilə istənilən mövzuda fikir mübadiləsi aparmağa, tərəfdarlarının və əleyhdarlarının bəzən hətta etik çərçivələri aşan suallarını belə cavablandırmağa meyilli şəxsiyyət olub. Odur ki, hər bir insan kimi özünün də vəfat edəcəyini bilən və vurğulayan Rəsulun müsəlmanların aqibəti ilə bağlı dərindən düşünməməsi qətiyyən inandırıcı deyil. Buna rəğmən vəhy katiblərinin yazıya çevirdiyi ayələri peyğəmbər öz sağlığında nədən sistemləşdirmədi, vahid kitab halına salmadı? Bu, birinci sualdır. Digər sual odur ki, nədən Hz. Məhəmməd vəfatından sonra möminlərə kimin, nə qədər və necə rəhbərlik edə biləcəyini aydınlaşdıran bir model elan etmədi?

Əlbəttə, bu suallara ilahiyyatşünaslar ən müxtəlif aspektlərdən zaman-zaman xeyli cavablar veriblər. Peyğəmbərin sağlığında vəyhlərin davam etməsi, ərəblərdə yazı mədəniyyətinin zəifliyi, belə bir ehtiyacın Quran hafizlərindən bir çoxunun Yəmamə savaşında həlak olmasından sonra qabarıq hiss olunması barədə arqumentlər nəzərə alınandır, lakin ilk sualı tam cavablandırmır.

İkinciyə gəlincə, şiə teoloqları bu məsələdə demək olar ki, vahid və qətiyyətli mövqeyə malikdir: Hz. Məhəmməd Xum məntəqəsində “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” deyib, bu mesajla öz əmisi oğlu və kürəkənini özündən sonra möminlərə rəhbər təyin edib. Lakin həm bu olay, həm də verilən mesajın məhz xəlifəlik məqamı ilə bağlı olduğu bir çox islam alimləri üçün mübahisəlidir. Bu mübahisələrdə hər iki tərəfin həqiqətən də ciddi və maraqlı arqumentləri var. Lakin bu dəlillərin heç biri peyğəmbərdən sonra möminlərin rəhbərinin müəyyənləşməsi üçün konkret bir mexanizm formalaşdırılmadığı gerçəkliyini dəyişmir.

Bu baxımdan Bəni Sakifə kölgəliyində aparılan iqtidar müzakirələri xüsusi maraq doğurur. Məclis Mədinə möminlərindən və Həzrac qəbiləsinin başçısı olan Səd İbn Übadənin ilk xəlifə elan etmək üçün toplanmışdı. Ənsarlar hesab edirdilər ki, Mədinə əhli mühacirləri qəbul etməklə və müsəlmanlarla birlikdə Məkkə müşriklərinə qarşı vuruşmaqla ərəblər arasında özlərinə çoxlu düşmən qazanıblar. Xəlifənin ənsardan seçilməyəcəyi təqdirdə, müharibələrdə həlak olan müşriklərin qohumlarının onlara qarşı qan davası aparacağından əndişə keçirirdilər. Ömərlə birlikdə toplantıya gələn Əbu Bəkr ənsara bu yöndə təminat verərək möminlərin yeni rəhbərinin məkkəlilərdən və Qereyş soyundan olmasının zəruriliyini bəyan etdi. Dar bir çevrədə seçilməsindən asılı olmayaraq, Hz. Əbubəkrin hakimiyyəti, müasir terminlə desək, legitim sayılır. Ona görə ki, həm ənsarların əksəriyyəti, həm də Hz. Əli daxil olmaqla Qüreyş tayfa konfederasiyasının önəmli bir qolu və Hz. Məhəmmədin qəbiləsi sayılan Haşimilər nəticəni tanımış, biət etmişdilər. Lakin bu biət nə mühacirlərlə ənsarlar arasında yaranan böyük ixtilafı aradan qaldırmış, nə Hz. Əlini hakimiyyətə əsas iddiaçı kimi qarşılanmasını əngəlləmiş, nə də Bədr savaşından bəri güdülən kini unutdurmuşdu.

10 oktyabr 680-ci ildə Kərbala çölündə Hz. Əlinin oğlu Hüseynin, doğmalarının və tərəfdarlarının qətlə yetirilməsi böyük planda məhz Bədr savaşının davamı idi. Bədrdə məğlub olmuş müşrik aristokratiyasının bir hissəsinin Haşim oğulları ilə psixoloji və siyasi ziddiyətləri sonrakı onilliklərdə də müxtəlif formalarda davam etmişdi. Sabit dəyərlər yox idi, qılınc mübahisələri həll edən əsas vasitə idi. Bu baxımdan şair əl-Fərəzdəqin İmam Hüseynə kufəlilər haqqında söylədiyi məşhur kəlam ibrətamizdir: “Ürəkləri səninlə, qılıncları Ümeyyə oğulları ilədir”. Yenicə təməlləri atılan ərəb dövlətinin 4 rəşid xəlifəsindən üçü- islamın yayılmasında müstəsna rol oynamış Ömər, Osman və Əli sui-qəsdlə öldürülmüşdü. 656-cı ildə isə peyğəmbərin zövcəsi Aişə qoşun toplayaraq xəlifə Əliyə savaş açmışdı. Tarixdə “Cəməl döyüşü” adlanan bu cəng müsəlmanlar arasında ilk böyük daxili savaşdır. Əbu Süfyanın oğlu Müaviyənin öz qohumu xəlifə Osmanın qətlinin “yaxşı araşdırılmamasını” bəhanə edərək Hz. Əliyə qarşı cəbhə açması isə 657-ci ildə Siffin savaşına rəvac verdi.

Sadaladığım və sadalamadığım çoxsaylı tarixi faktlar fonunda peyğəmbərin vəfatından sonra yaranmış qeyri-müəyyənliyin bir dövlət sisteminə çevrilməsi üçün iki ana xətt ortaya çıxdığı nəzərə çarpır. Bizim, yəni işna əşəriyyəçi şiələrin imamət ierarxiyasında ilk üç pillədə olan Hz. Əli və onun oğulları- Hz. Həsən və Hz.Hüseynin öncüllük etdiyi Ləyaqət məktəbi həm imana, həm də şəxsi keyfiyyətlərə əsaslanırdı. Hz. Əlinin hətta əmisi Abbasın israrlarına rəğmən də peyğəmbərin nəşini ortalıqda qoyub Sakifədəki toplantıya qatılmamasının, Hz. Həsənin daxili savaşların genişlənməməsi üçün Müaviyə ilə müqavilə imzalayaraq xəlifəlik məqamını güzəştə getməsinin, Hz. Hüseynin qüvvələr nisbətinin qeyri-müəyyənliyinin metodoloji olaraq hansı nəticələr verə biləcəyini gördüyü halda, Mədinədən Kufəyə doğru irəliləməsinin əsasında məhz ləyaqət anlayışı dayanırdı. Onların qarşısında isə, fikrimi daha səlis ifadə edə bilməyim üçün əsrlər sonra Avropada meydana çıxmış bir terminlə ifadə etsəm, makiavelist yanaşmalar dayanırdı. Qədim Roma hüququnda və müasir beynəlxalq hüquqda “pacta sunt servanda” prinsipi var. Bu prinsip Qurani-Kərimin “Maidə” surəsinin birinci ayəsində də təsbit olunub: “Ey iman gətirənlər! Əhdlərə sadiq olun”. Müaviyyə və oğlu Yəzid hakimiyyət uğrunda mübarizədə nümayiş etdirdikləri makiavelist davranışlarla sözün bütün mənalarında əhdə xilaf çıxmağın “dastan”ını yazmışdılar.

Əli oğlu Hüseynin Kərbalada amansızlıqla qətlə yetirilməsi (bəzi məlumatlara görə, bədənində 33 mizraq və ox, ondan bir qədər çox isə qılınc yarası vardı) sonra islam coğrafiyasında meydana çıxan bütün kütləvi hərəkatlara bu və digər şəkildə qaynaq olub. Bu məqamda Hz. Hüseynə qarşı dürüst davranmadıqlarına görə peşiman olan kufəlilərin başladığı Təvvabun hərəkatını xatırlatmaq kifayətdir. Əməvilərin zülmünə məruz qalan kütlələr, xüsusilə xilafətin qeyri-ərəb bölgələrinin əhalisi Müaviyədən başlayaraq ənənəyə çevrilən cümə xütbələrinin sonunda Hz. Əliyə lənət oxunması və Kərbəla hadisəsi fonunda diqqətlərini Əhli-beytə cəmləyiblər. Kərbəla qətliamı şiəliyin formalaşmasının ən mühüm amillərindən biridir.

Odur ki, şiə etiqadının daşıyıcıları olaraq bizim Hz. Hüseyni anmağımız və Aşura günündə əzadarlıq keçirməyimiz- arxasında ciddi tarixi, sosioloji və doktrinal təməllər dayanan bir ənənədir. “Quranda Aşura yoxdur” arqumenti ilə bu ənənəyə qarşı çıxmaq dinin həm də tarixi, sosial, mədəni bir fenomen olması, ancaq peyğəmbərlərin zamanındakı anlayışlarla çərçivələnməməsi gerçəkliyini qəbul etməməkdir. Əgər biz hər şeyi peyğəmbərin zamanındakı dizayna qaytarmalı, yaxud yalnız o zamankı şəkillə kifayətlənməli olsaq, onda məntiqlə Quranın da indiki müshafından imtina etməliyik ona görə ki, Hz. Məhəmmədin sağlığında indiki müshaf yox idi. Lakin belə bir yanaşmanı kökündən yanlış edən amillər, eynilə sırf şiə etiqadına məxsus olan ritualları, o cümlədən “Qətl sınan gün”ün kollektiv hüzrünü də qoruyur. Bununla belə, mərasimin tarixi, ideoloji və sosioloji əhəmiyyəti onun ifrata varmış və ya vardırılmış xüsusiyyətlərini təftiş etməyimizə də mane olmamalıdır.

Bu cəhd məzmun və forma arasında doğru əlaqə qura bilməklə bağlıdır. İmam Hüseyni anmaq və anlamaq məzmuna bağlıdır, lakin anım mərasimlərdə insanın özünə işgəncə verməsi, bədənini zəncirləməsi, ələm uçurması formal təzahürlərdir. Bəşəriyyətin gəldiyi nöqtədə biz şiələrin özümüzə bir sualı verməyimiz, necə deyərlər, çağın tələbidir: İmam Hüseyn üçün baş yaraq, yoxsa bir qədər obrazlı desəm, baş yoraq, yəni pozitiv elmi sistem içində tarix, fəlsəfə, ilahiyyat, hüquq, təbiət fənnləri öyrənək, müasir çağırışlar üzərində düşünək? Təvəlla və təbərra- bir müsəlmanın nəyi, yaxud kimi qəbul və rədd etməsi ictimai düşüncənin təbii süzgəcidir. Zira, fanatizm və küfr bu süzgəci rasional mexanizm olmağa qoymursa, tərəqqi prosesində irəliləyişimizə mane olursa, həqiqəti gözdən salırsa, o zaman mənəvi kamilliyə gedən yolda toplanan daşlara çevrilir.

Bu günlərdə uşaqların Aşura mərasiminə cəlb olunmaması ilə bağlı ictimai xadimlər haqlı çağırışlar etdi. Bu çağırışlara İranın “Səhər” kanalından hiddətli cavablar gəldi. Bu, bizi düşündürməlidir. Az-çox mütərəqqi düşünən bütün insanlar başa düşür ki, uşaqlar dini mərasimlərə də, siyasətə də, reklama da alət edilə bilməz. Beynəlxalq uşaq hüquqları və milli qanunverciliyimiz də bunu tələb edir. Bəs, Qarabağ savaşı boyunca din, məzhəb, ədalət anlayışlarını heçə sayıb Ermənistanı dəstəkləmiş İranın təbliğatçılarını narahat edən nədir? Mən Azərbaycan xalqçısıyam və öz dövlətimin vətəndaşlarını etnik və dini mənsubiyyətindən asılı olmayaraq çağdaş dünyada rəqabətə davamlı bacarıq sahibləri, intellektual və mənəvi baxımdan güclü fərdlər kimi görmək istəyirəm. İran isə Azərbaycanda xürafatdan qidalanan savadsız və aqressiv bir kütlə yaratmaqla bizim milli təhlükəsizliyimizə qarşı təzyiq qrupları formalaşdırmaq istəyir.

Bu məqamda diqqətinizi bir məsələyə də çəkəcəm. Bizim cəmiyyətimizdə “imam ehsanı” anlayışı var. Hər hansı səbəbdən imamların adına xeyrat verilir. Hər il Azərbaycanın müxtəlif ali məktəblərindən təhsil haqqını ödəyə bilmədiyinə görə xeyli gənc xaric olunur. Olmazmı ki, bu anlayışı həmin tələbələrin təhsil haqqını ödənməsinə yönəltmək üçün Aşura günündə xeyriyyə kampaniyaları təşkil edək? Niyə biz Aşura günündə Azərbaycanda şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə çalışan “Yaşat” fonduna ianə verməklə deyil, etiqadın fəlsəfəsini sarsıdan şəbeh göstərməklə imamı yad etməliyik? Budur, artıq uzun illərdir ki, Azərbaycanda Aşura günü qanvermə aksiyası keçirilir. İnanclı insanlarımız bu mədəni və faydalı aksiya vasitəsi ilə Əhli-beytə sayğısını və ruhani bağlılığını ifadə edirlər. Elə hər il də sözügedən təşəbbüsün əleyhinə müxtəlif məqalələr yazılır: “Aşura- qanvermə aksiyası deyil”. Axı kim deyir ki, qanvermə aksiyasıdır? Sadəcə, imamın şəhadətini anan insanlar qəmə ilə özünü doğramaq əvəzinə, onun mərhəmət duyğusuna sahib çıxır və başqalarının həyatını qurtaracaq bir əmələ imza atırlar. Lap qəşəng təşəbbüsdür! Ancaq İran təbliğat maşını illərdir bu təşəbbüsü qaralamağa çalışır. Ona görə ki, Tehran teokratiyası inanca sekulyar cəmiyyətləri möhkəmləndirən vicdan azadlığı kimi yox, parçalayan və dağıdan neqativ funksiya kimi ehtiyac duyur.

Hz. Hüseynin Kərbalada kəsilmiş başı Dəməşqə göndərilmiş və xəlifə onun başını Əməvi məscidində camaatın qabağına atdırmış, kimsə səsini çıxarmamışdı. Bu, kollektiv ləyaqət böhranı idi. Deməli, Hüseynə gerçək rəğbət bəsləməyin ifadəsi cəmiyyətin layəqət düşüncəsinə töhfə verməkdir. Ləyaqətli insan isə, öz milli maraqlarını ali sayar, vətənini heç bir xarici gücün ayağına verməz, dövlətini satmaz. Paradoks ondadır ki, bir tərəfdən şiəlik və Hüseyn kultu Azərbaycanın sekulyar idarəçilik sisteminə qarşı qoyulur, digər tərəfdən isə, şiə etiqadına və Hüseyn kultuna qarşı qərəzli təbliğat aparılmaqla Azərbaycanın ənənəvi düşüncə sistemi zədələnir. Hər ikisi ideoloji diversiyadır, qəbul edilməzdir və qarşısı alınmalıdır.

Məhz buna görə də Azərbaycanda şiəliyi iki fərqli təhlükədən qorumaq lazımdır. Birincisi, xarici siyasi mərkəzlərin onu öz təsir alətinə çevirmək cəhdlərindən; İkincisi isə, şiəliyi bütövlükdə inkar edənlərdən, buna imkanları çatmayanda “rafizi” deyib aşağılayanlardan, “doğru olmayan yol” kimi təqdim edənlərdən. Bəli, hər iki zərərli mövqe son nəticədə eyni məqsədə xidmət edir: Azərbaycanın tarixi-mədəni yaddaşını zəiflətmək və cəmiyyətin təbii balansını dəyişdirməklə milli qüdrətimizi zəiflətməyə! Bu baxımdan bəzilərinin bilərəkdən və ya bilməyərəkdən kontekstdən çıxarmağa çalışdığı “Azərbaycan şiəliyi” məfhumu üzərində artıq konseptual olaraq dayanmağımız vacibdir. Soruşa bilərsiniz ki, “Azərbaycan şiəliyi” nədir? Cavabım: Azərbaycan şiəliyi - əsrlər boyu xalqımızın tarixi, siyasi, sosial və mədəni inkişafında mühüm rol oynamış şiə etiqadının müstəqil milli dövlətçilik, sekulyar konstitusion quruluş və Azərbaycançılıq ideologiyası ilə ahəngdar şəkildə qovuşmuş modelidir. Eyni cümləni Azərbaycan sünniliyi, həmçinin daha geniş çərçivədə Azərbaycan islamı və ölkəmizdəki digər dinlər haqqında da qurmaq olar. Azərbaycanın və Azərbaycançılığın cazibədarlığı da elə bundadır- milli kimliyin heç bir dini kimliyi inkar etməməsində!

Taleh ŞAHSUVARLI