MDB-nin müşahidə missiyası aralıq hesabatı açıqladı

26 Sentyabr 2013 16:18 (UTC+04:00)
MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyası aralıq hesabatını açıqlayıb.

APA-nın MDB-nin saytına istinadən verdiyi məlumata görə, missiya seçki kampaniyasının monitorinqinə sentyabrın 10-da başlayıb və prosesdə 20 uzunmüddətli müşahidəçi iştirak edir.

Hesabatda deyilir ki, seçkilərin keçirilməsini Azərbaycan Mərkəzi Seçki Komissiyası, 125 dairə seçki komissiyası və 5300 məntəqə seçki komissiyası təmin edir. MSK-nın iclasları barədə əvvəlcədən xəbərdarlıq edilir və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir. İclaslarda iştirak edən missiya nümayəndələri iclasların açıqlığını, məsələlərin müzakirəsi zamanı kollegiallığa riayət olunmasını qeyd ediblər. MSK-nın rəsmi saytı effektiv fəaliyyət göstərir və orada seçki kampaniyası barədə məlumatlar tapmaq mümkündür. Dairə və məntəqə seçki komissiyaları üçün metodik izahatlar hazırlanıb, komissiya sədrləri ilə həftəlik kurslar keçirilib. Vətəndaşların seçki prosesinə inamının artırılması, seçkilərin və səslərin sayılması prosesinin açıqlığının təmin edilməsi üçün 1000 veb-kamera quraşdırılıb, bu da ötən prezident seçkiləri ilə müqayisədə iki dəfə çoxdur.

Missiya üzvlərinin müşahidələrinə görə, ölkədə vətəndaşların qarşıdan gələn seçkilər barədə məlumatlandırılması üçün aktiv iş görülür, gənclərin seçki prosesinə cəlb olunması məqsədilə MSK tərəfindən "Mən səs verirəm" layihəsinin təqdimatı keçirilib.

Hesabatda namizədlərin qeydə alınması prosesindən də bəhs edilir. Qeyd olunur ki, MSK-ya seçkilərdə iştirakla bağlı 22 müraciət daxil olub. Onlardan birinin namizədliyi ikili vətəndaşlığı olduğu üçün qeydə alınmayıb, namizədliyi qeydə alınmayan 4 nəfər isə Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

Sənədin sonunda MDB müşahidəçiləri vurğulayırlar ki, milli müşahidəçilərin seçkilərin monitorinqində iştirak etməsi seçkilərə vətəndaş nəzarətini artıracaq. Hazırda DSK-lar tərəfindən müxtəlif siyasi partiyaları təmsil edən 25000 müşahidəçi qeydə alınıb.

Ümumilikdə isə MDB müşahidəçilərin qənaətinə görə, Azərbaycanda prezidentin seçkiləri ilə bağlı kampaniya Seçki Məcəlləsinə uyğun və sakit şəraitdə keçir.

Monitorinqin yekun nəticələri və qiymətləndirilməsi missiya tərəfindən seçkilərdən sonra təqdim olunacaq.

AzNews.az